AŞPA-nın komitə iclasında rəqəmsal uçurumun bağlanmasına dair Azərbaycanın təcrübəsindən bəhs olunub
Bakı, 19 sentyabr, AZƏRTAC
Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bərabərlik və qeyri-diskriminasiya komitəsinin plenar iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, ölkəmizi bu tədbirdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Könül Nurullayeva təmsil edib. Deputat “Rəqəmsal uçurumun bağlanması: Rəqəmsal texnologiyalara bərabər çıxışın təşviqi” mövzusunda çıxışı zamanı hər kəsin rifahı naminə rəqəmsal uçurumun məlumatlandırıcı memorandumda təsvir edilən bütün növləri ilə mübarizənin vacibliyini bildirib. Azərbaycanda rəqəmsal uçurumu azaltmaq üçün hazırda ölkə səviyyəsində “Milli elektron idarəetmə şəbəkəsinin təşəbbüsü” və “Rəqəmli Qızlar - Milli Təlim Proqramı” kimi bir çox innovativ proqramlar həyata keçirildiyi diqqətə çatdırılıb.
“Cinsi zorakılıq və münaqişə” mövzusunda da fikirlərini bölüşən K.Nurullayeva diqqəti silahlı münaqişələr zamanı cinsi zorakılıq hallarına daha çox rast gəlinməsinə yönəldib. Bu kontekstdə müstəqilliyin ilk illərində Azərbaycan ərazilərinin işğalı zamanı yüzlərlə azərbaycanlı qadının müxtəlif cinsi zorakılıqdan əziyyət çəkdiyini xatırladıb. Silahlı münaqişənin bütün mənfi tərəflərini yaşamış ölkələrdən biri kimi Azərbaycanın da bu mövzuya həssas yanaşdığını, daim sülh tərəfdarı olduğunu və silahlı münaqişələrdə cinsi zorakılığın qarşısının alınması ilə bağlı bütün təşəbbüsləri dəstəklədiyini bildirib. Bu problemi həll etmək üçün xüsusi mexanizmlərin yaradılması üzərində birgə fəaliyyətin əhəmiyyətini vurğulayıb.
“Bərabər oyun uğrunda mübarizə: idman dünyasında qadınlara qarşı ayrı-seçkiliyə son” mövzusunda da öz fikirlərini bildirən Milli Məclisin deputatı Azərbaycanda gender bərabərliyinin qorunduğunu, qadınların idman və bədən tərbiyəsi ilə məşğul olmaq üçün bərabər hüquq və imkanlara malik olduğunu qeyd edib. K.Nurullayeva, həmçinin gender əsaslı zorakılığın dayandırılmasında kişilərin və oğlanların rolundan da danışıb. Bildirilib ki, kişi və oğlanların gender əsaslı zorakılığa qarşı mübarizəyə cəlb edilməsi bu problemin həlli üçün effektiv həll variantı ola bilər.