AŞPA-NIN MONİTORİNQ KOMİTƏSİNDƏ AZƏRBAYCANLA BAĞLI CİDDİ MÜZAKİRƏLƏR OLMAMIŞDIR
Ermənistanda keçirilmiş referendumla bağlı məsələnin müzakirəsi zamanı istər məruzəçilər, istərsə də məruzə ətrafında çıxış edən komitə üzvləri Avropa Şurasının mandatı ilə referendumun gedişini müşahidə etmək üçün deputat qrupunun Yerevana gəlməsinə ölkə rəsmiləri tərəfindən maneçilik törədilməsini, referendumun Avropa standartlarına uyğun keçirilməməsini, bir çox məntəqələrdə ciddi pozuntu hallarının müşahidə edildiyini xüsusi vurğulamışlar.
Parlament Assambleyasının 14 nəfərdən ibarət nümayəndə heyəti 2005-ci il noyabrın 27-də Yerevanda keçirilmiş referendumun seçicilərin azad seçim prinsipindən tamamilə uzaq olduğunu, seçicilərə təzyiq göstərildiyini, güc qüvvələrinin saxta imzalara qarşı etirazını bildirərək nümayişə çıxmış əhaliyə qarşı zorakılıq tədbirlərinə əl atmalarını pisləmişdir.
Milli Məclisin beynəlxalq münasibətlər və parlamenlərarası əlaqələr daimi komissiyasının sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ölkəmizdəki seçkilərlə bağlı komitədə keçirilmiş müzakirələr barədə AZƏRTAC-ın müxbirinə müsahibə verərək demişdir:
- Yığıncaqda Azərbaycanda keçirilmiş seçkilər və seçkilərdən sonra dekabrın 1-3-də ölkəmizdə səfərdə olmuş estoniyalı və hollandiyalı deputatlar A.Herkel və Leo Platvolun məlumatları müzakirə edilmiş və fikir mübadiləsi aparılmışdır.
Bir məsələni qeyd etmək istəyirəm ki, müxalifətin bəzi qüvvələri komitədə Azərbaycanın AŞPA-dakı deputatlarının səlahiyyətlərinin dayandırılacağı ilə əlaqədar müzakirələrin keçiriləcəyi və bu barədə qərar qəbul ediləcəyi haqda boş və əsassız bəyanatlarla çıxış edirdilər. Amma bu məsələ müzakirə olunmamışdır. Aydın məsələdir ki, müzakirə olunmayan məsələ barədə heç bir qərar da qəbul edilə bilməzdi. Seçkilərlə bağlı məsələnin AŞPA-nın yanvar sessiyası zamanı Monitoriq Komitəsinin növbəti toplantısında müzakirə olunması qərara alınmışdır.
Müzakirələrdə çıxış etmiş deputatlar Azərbaycanda keçirilmiş seçkilərlə bağlı müsbət fikirlər söyləməklə yanaşı, tənqidi məqamlara da toxunmuşlar. Türkiyə, Rusiya Federasiyası, Böyük Britaniya və Monakodan olan deputatlar ölkəmizin mövqeyini dəstəkləmiş, seçkilərin demokratik və şəffaf keçdiyini bildirmişlər. Bununla yanaşı, məsələyə tənqidi fikirlər söyləyənlər də olmuşdur.
Amma, ümumilikdə müzakirələr çox konstruktiv keçmiş, Azərbaycan ilə Avropa Şurası arasında əlaqələrin və əməkdaşlığın bütün sahələri haqqında müsbət fikirlər səslənmişdir.