AŞPA-nın seçkiqabağı missiyası Azərbaycana səfərin yekunları ilə bağlı bəyanat yayıb
Bakı, 23 sentyabr, AZƏRTAC
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) seçkiqabağı missiyası Azərbaycana səfərin yekunları ilə bağlı bəyanat yayıb. Bəyanatda AŞPA nümayəndə heyətinin seçkiqabağı prosesi və seçkilərə hazırlıq işlərini öyrənmək üçün sentyabrın 21-22-də Azərbaycanda səfərdə olduğu bildirilir.
Nümayəndə heyəti Azərbaycan hakimiyyətinin açıqlığını və noyabrın 1-də keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün xeyli sayda beynəlxalq təşkilata dəvət göndərməsini alqışladığını qeyd edir.
Bəyanatda bildirilir ki, nümayəndə heyətinin Azərbaycanda görüşdüyü müstəqil şəxslər beş il əvvəlki parlament seçkilərindən sonra ölkədə irəliləyiş əldə olunduğunu diqqətə çatdırıblar. Mərkəzi Seçki Komissiyası AŞPA missiyasını parlament seçkilərinə hazırlığın müxtəlif mərhələləri barədə məlumatlandırıb. Komissiyanın verdiyi məlumata görə, indiyədək heç bir şikayət daxil olmayıb.
Qeyd edilir ki, Azərbaycan hakimiyyəti səsvermə və səslərin sayılması prosesi daxil olmaqla seçki prosesinin şəffaflığının təmin olunması üçün bütün zəruri tədbirlərin görüləcəyini bildirib.
Bəyanatda bildirilir ki, missiya səfər çərçivəsində Milli Məclisin sədri, xarici işlər naziri, Mərkəzi Seçki Komissiyasının sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri, parlamentdə təmsil olunan və olunmayan siyasi partiyaların rəhbərləri və nümayəndələri, vətəndaş cəmiyyətinin və KİV-in təmsilçiləri ilə görüşlər keçirib.