AŞPA-nın sessiyasında Ermənistanın qeyri-insani cinayətlərindən danışılıb
Strasburq, 18 aprel, AZƏRTAC
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının ilk iş günündə təşkilatın insan hüquqları üzrə komissarı Nils Muijnieks 2015-ci ildə qurumun fəaliyyətinə dair hesabatla çıxış edib. Çıxışdan sonra o, Assambleya üzvlərinin suallarını cavablandırıb.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva nümayəndə heyətimizin qoşunların təmas xəttində Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı təxribatları ilə bağlı komissara müraciət göndərdiklərini bildirib. O qeyd edib ki, qoşunların təmas xəttində baş verən son hadisələr zamanı Azərbaycan beynəlxalq hüquq normalarına, beynəlxalq humanitar normalara tamamilə əməl edərək həlak olanların cəsədlərinin dəyişdirilməsinə əməl edib. Ancaq Azərbaycana qaytarılan hərbçilərimizin cəsədlərinə qarşı Ermənistanda göstərilən qeyri-insani əməllər, cinayətlər insanı dəhşətə gətirir. Ermənistanın həyata keçirdiyi bu qeyri-insanı əməlləri, cinayətləri sübut edən çoxlu fotolar var. Deputat insan hüquqları üzrə komissar kimi Ermənistan silahlı qüvvələrinin bu cinayətlərinə onun münasibətini bilmək istəyib.
Nils Muijnieks cavabında Dağlıq Qarabağ münaqişəsindən və qeyd olunan insan hüquqlarının pozulması hallarından çox narahat olduğunu bildirib. O qeyd edib ki, münaqişə baş verdikdə, alovlandıqda insan itkiləri olur, insan hüquqları pozulur. Bu münaqişədə insan itkilərinin olması çox narahatedicidir. O, humanitar hüquqa əməl olunmasının vacibliyini vurğulayıb. Diqqəti çəkən başqa bir məsələnin də itkin düşmüş insanların taleyi olduğunu vurğulayıb. Komissar qeyd edilən məsələlər haqqında müraciətlərin daxil olduğunu təsdiqləyib və bu çox ciddi məsələ haqqında şərh verməyin onun üçün çətin olduğunu deyib. Bu münaqişələr zamanı yerlərdə çox az beynəlxalq müşahidəçilərin fəaliyyət göstərdiyini qeyd edib. Bununla belə, narahatlığı çox yaxşı anladığını və bu məsələləri diqqətdə saxlamaq üçün tərəflərlə əlaqə saxladığını bildirib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq