AŞPA PREZİDENT İLHAM ƏLİYEVİN RƏHBƏRLİYİ ALTINDA HƏYATA KEÇİRİLƏN İSLAHATLARDAN RAZIDIR
Nümayəndə heyətinin başçısı, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov xatırlatdı ki, Azərbaycan ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi siyasətə uyğun olaraq, Avropaya inteqrasiya yolu tutmuşdur və Avropa Şurasına üzv olduqdan sonra bu proses daha geniş vüsət almışdır. Əvvəllər Azərbaycan parlamentinin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, qurumun sədrinin müavini və büro üzvü, indi isə respublikanın Prezidenti olan İlham Əliyev ölkəmizin Avropa strukturları ilə əlaqələrinin inkişafına xüsusi diqqət yetirir. Azərbaycan Avropa Şurasına üzv olarkən insan hüquqlarının müdafiəsi və demokratiyanın inkişafı ilə bağlı bir sıra öhdəliklər götürmüşdü. Bu öhdəliklərin böyük əksəriyyəti yerinə yetirilmiş, çox cüzi bir hissə qalmışdır ki, onlar da başa çatmaq üzrədir.
Səmimi qəbul üçün minnətdarlıq edən AŞPA-nın baş katibi Bruno Haller dedi ki, Azərbaycana ilk dəfə gəlsəm də, ölkəniz barədə ətraflı məlumatım vardır. Bilirəm ki, ölkənizin Avropa Şurasına qəbul edilməsində Prezident Heydər Əliyevin xüsusi rolu olmuşdur. Məhz bu böyük şəxsiyyətin səyləri nəticəsində Azərbaycan müstəqil dövlət kimi dünyada tanınmışdır. Sevindirici haldır ki, indi Prezident İlham Əliyev də həmin siyasəti uğurla davam etdirir. Onun AŞPA-nın sessiyasındakı çıxışı zamanı ölkənizdə sosial ədalətin bərpası, insan hüquqlarının qorunması və demokratiyanın inkişafı barədə dedikləri bizdə böyük ümidlər yaratmışdır. Biz də Azərbaycanla əlaqələrin inkişafında maraqlıyıq və inanırıq ki, Prezident İlham Əliyevlə, parlamentlə birgə fəaliyyətimiz nəticəsində çox şeyə nail ola biləcəyik.
Səməd Seyidov bildirdi ki, Azərbaycan təkcə Avropa ölkələri ilə deyil, eləcə də region dövlətləri və ümumən dünya birliyi ilə əlaqələrin genişlənməsində maraqlıdır. Amma Ermənistanın Azərbaycana qarşı təcavüzünün indiyədək davam etməsi, ölkəmizin ərazi bütövlüyünün pozulması bu işdə müəyyən problemlər yaradır. BMT və digər nüfuzlu təşkilatların, o cümlədən də Avropa Şurasının sənədlərində Ermənistan işğalçı dövlət kimi göstərilmiş və Azərbaycanın ərazi bütövlüyü tanınmışdır. Ümid edirik ki, dünya birliyinin səyləri nəticəsində münaqişə öz ədalətli həllini tapacaq, Azərbaycanın ərazi bütövlüyü təmin ediləcəkdir. Məhz bundan sonra tam mənada regional əməkdaşlıq mümkün olacaqdır.
Görüşdə bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.
X X X
AŞPA-nın baş katibi Bruno Haller sonra Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və Aparatın məsul işçiləri ilə də görüşdü.
Aparatın rəhbəri Milli Məclisin fəaliyyəti, qanunvericilik bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verdi.