Aşqabadda keçirilən tədbirdə Heydər Əliyevin Azərbaycan xalqı qarşısında tarixi xidmətlərindən danışılıb
Aşqabad, 8 may, AZƏRTAC
Azərbaycanın Türkmənistandakı səfirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə Türkmənistanda yaşayan həmvətənlərimiz, ziyalılar, iş adamları və səfirliyin əməkdaşları iştirak ediblər.
Səfir Vəhdət Sultanzadə ümummilli lider Heydər Əliyevin ölkəmizin müstəqilliyinin və dövlətçiliyimizin qorunub saxlanması naminə göstərdiyi misilsiz xidmətlərdən danışaraq qeyd edib ki, Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə Ulu Öndər ölkəmizi və xalqımızı tarixin ən çətin sınaqlarından uğurla çıxarıb. Ulu öndər Heydər Əliyevin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini aydın görən xalqımız bunu yüksək qiymətləndirərək, dövlət başçısının ətrafında daha da sıx birləşir.
Heydər Əliyevin həyat və fəaliyyəti, onun beynəlxalq siyasətdə xüsusi yer tutması, dünyanın müxtəlif hissələrində məskunlaşmış azərbaycanlıların birliyi naminə atdığı addımlar haqqında geniş söhbət açan V.Sultanzadə onun 1993-cü ildə Azərbaycanın düşdüyü çətin vəziyyətdə, dövlətçiliyimizin təhlükə qarşısında qaldığı bir zamanda xalqın tələbi ilə yenidən hakimiyyətə gəlməsindən sonra ölkəmizin əldə etdiyi uğurlardan danışıb. O, həmçinin Heydər Əliyevin Azərbaycanda dövlət quruculuğu sahəsində misilsiz xidmətləri və onun yaratdığı məktəbin layiqli davamçısı Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən iqtisadi islahatlar haqqında məlumat verib. Səfir ölkə başçısının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun həlli istiqamətində göstərdiyi yüksək diplomatik fəaliyyət və ölkəmizin son illərdəki iqtisadi inkişaf göstəriciləri haqqında da söhbət açıb. V.Sultanzadə ümummilli lider Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə qayıtdıqdan sonra uzaqgörən və müdrik siyasəti ilə ölkəmizi böyük bəlalardan qurtardığını və müasir müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu olduğunu bildirib.
Azərbaycan-Türkmənistan münasibətlərində əldə olunan bütün nailiyyətlərdə ümummilli lider Heydər Əliyevin gördüyü işlərin əvəzsiz olduğunu qeyd edən diplomat bildirib ki, hazırda iki dövlət arasında qarşılıqlı anlaşma, etimad və inam yaranıb və bu mehriban qonşuluq siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Səfir Azərbaycan ilə Türkmənistan arasında mövcud layihələr, ticarət əlaqələri və mədəni tədbirlər barədə tədbir iştirakçılarına məlumat verib.
Sonda Heydər Əliyev haqqında sənədli film nümayiş etdirilib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad