MƏDƏNİYYƏT
Astanada "Azərbaycanın sənət inciləri" sərgisi açılıb
Astana, 26 sentyabr, AZƏRTAC
Qazaxıstanın paytaxtı Astanada keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində sentyabrın 25-də Sülh və Əmin-amanlıq Sarayında "Azərbaycanın sənət inciləri" adlı sərgi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində hər iki ölkənin rəsmi şəxsləri, elm və mədəniyyət xadimləri iştirak ediblər.
Azərbaycan Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Sevil Kərimova sərginin konsepsiyası barədə məlumat verərək bildirib ki, ekspozisiya Azərbaycanın zəngin mədəni irsini və onun özünəməxsusluğunu nümayiş etdirən sənət əsərlərindən ibarətdir.
Sərgidə Xalq rəssamı Əzim Əzimzadənin əsərləri, XX əsrin əvvəllərinə aid məişət əşyaları və geyimlər, həmçinin Azərbaycan Milli Xalça Muzeyindən 20-dən çox xalça nümunəsi təqdim olunub. Bu eksponatlar arasında müxtəlif xalçaçılıq məktəblərinə aid əsərlər və müasir sənətkarların işləri də var.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana