ASTARA MODUL STANSİYASININ TİKİNTİSİNDƏ İŞLƏR YÜKSƏK SÜRƏTLƏ GÖRÜLÜR
Cəmiyyətin vitse-prezidenti Marlen Əsgərov bildirmişdir ki, ölkəmizdə iqtisadiyyatın inkişafı ilə elektrik enerjisinə tələbat da hər il təxminən 5 faiz artır. Bunu nəzərə alaraq, Sumqayıtda 506 meqavatlıq buxar-qaz qurğusunun tikintisinə başlanılmış, “Şimal” DRES-də isə 400 meqavatlıq yeni buxar-qaz qurğusunun inşasına hazırlıq işləri aparılır. Lakin bu tip stansiyaların istismara verilməsi üçün təxminən iki il yarım vaxt tələb olunur. Bu müddət ərzində isə elektrik enerjisinə olan tələbatın hər il artmasını və mövcud enerji çatışmazlığını nəzərə alaraq, Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə yeni buxar-qaz qurğularının və Astara, Şəki, Xaçmaz, Naxçıvan və Bakıda modul stansiyaların tikintisi layihələndirilmişdir. Hər birinin gücü 87 meqavat olan bu stansiyaların quraşdırılması cəmi 6-7 aya başa gəlir.
Məlumat verilmişdir ki, hazırda Astaradakı modul stansiyanın tikintisində işlərin böyük hissəsi görülmüş, 5 generator gətirilmiş, onlardan biri artıq özülün üzərinə yerləşdirilir. Bütün avadanlıq Finlandiyanın “Vartsila” şirkətindən alınır. Burada “ABB” şirkətinin avadanlığı ilə 110 kilovoltluq yardımçı stansiya da tikilir. Hər iki stansiyada tikinti işlərini azərbaycanlı mütəxəssislər aparırlar. Obyektlərin ilin sonunadək təhvil verilməsi üçün bütün qüvvələr səfərbər olunmuşdur. Modul stansiya istismara veriləndən sonra burada 102-110 müətəxəssis çalışacaqdır. Finlandiyanın “Vartsila” şirkəti ilə imzalanmış müqaviləyə əsasən, hər stansiyadan 4 nəfər Finlandiyada və İspaniyada hazırlıq kursları keçirlər.
Sonra jurnalistlər tikinti sahəsində işin gedişi ilə tanış oldular. Onları maraqlandıran suallar cavablandırıldı.