Astarada marketdə istehlaka yararsız məhsullar aşkarlanıb
Bakı, 11 aprel, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Astara rayonu, Deqadi kəndində Qasımov Əliheydər İbrahim oğluna məxsus “Deqadi” marketdə keçirilmiş yoxlama zamanı üzərində etiket məlumatları olmayan və son istifadə müddəti bitmiş müxtəlif növ qida məhsulları aşkarlanıb.
Həmçinin bəzi qida məhsullarının temperatur rejiminə və saxlanma şəraitinə əməl edilmədiyi, təmizlik işlərinin aparılmadığı, işçi heyətin xüsusi geyim və fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi müəyyən olunub.
Aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib.