Astarada şəhid idmançının xatirəsi anılıb
Astara, 20 aprel, Bağır Əliyev, AZƏRTAC
Astara rayonunun Ərçivan qəsəbəsində Vətən müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olan astaralı idmançı Bağırzadə Sadiq Şahin oğlunun doğum günü ilə əlaqədar xüsusi karantin rejiminin qaydalarına əməl etməklə anım tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Astara Rayon İcra Hakimiyyətinin, Rayon Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin, Rayon Dövlət Rəsm Qalereyasının, təhsil müəssisələrinin əməkdaşları, müharibə veteranları, qazilər, qəsəbə sakinləri və ictimaiyyətin nümayəndələri şəhid Sadiq Bağırzadənin məzarı önünə əklillər və gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyublar.
Anım mərasimində çıxış edənlər 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən Sadiq Bağırzadənin göstərdiyi qəhrəmanlıqlardan danışıblar.
Diqqətə çatdırılıb ki, Astara rayonunun Ərçivan qəsəbəsində dünyaya göz açan, ordu sıralarında xüsusi təyinatlı əsgər kimi xidmət edən, Vətən müharibəsində ötən ilin sentyabrın 30-da ərazi bütövlüyümüz uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olan Bağırzadə Sadiq Şahin oğlu göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
Şəhid Sadiq Bağırzadə Astara rayonunun Ərçivan qəsəbə 3 nömrəli tam orta məktəbində təhsil aldığı dövrdə Astara Boks Mərkəzində məşqçi, idman ustası Nurlan Məmmədovun rəhbərliyi ilə təlim məşqlərdə, rayon və respublika yarışlarında iştirak edib. O, boks üzrə Azərbaycan birinciliyinin bürünc medalçısı və Bakı birinciliyinin qalibi olub.