ATAA-nın İdarə heyətinin sədri: İnanıram ki, COP29 çox yüksək səviyyədə təşkil olunacaq
Bakı, 25 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb. Bu, ölkəmizdə COP29-a ciddi yanaşmanın göstəricisidir. Əslində bu, zəncirvari bir prosesdir. Burada bütün dövlət qurumları, özəl sektor, bir sözlə hamı aktiv olmalıdır.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə heyətinin sədri Göydəniz Qəhrəmanov deyib.
O bildirib ki, turistlərin qarşılanmasını, yerləşdirilməsini, məmnunluqla öz ölkələrinə qayıtmalarını təmin etməliyik. “Biz həm üzvlərimizə, həm də digər assosiasiyaların nümayəndələrinə çağırış etdik ki, bu tədbir çox vacib və önəmlidir. Ona görə ki, tədbir çərçivəsində gələnlərin sayından daha çox tədbirdən sonra gələn qonaqlar olacaq. Tədbirə gələnlər ölkələrinə qayıtdıqdan sonra qonşularına, dostlarına, iş yoldaşlarına Azərbaycanla bağlı məlumat verəcəklər. Daha sonra ölkəmizi görmək istəyənlərin sayı birə beş artacaq. Düşünürəm və inanıram ki, COP29 çox yüksək səviyyədə təşkil olunacaq. Ona görə ki, bizim artıq bu sahədə böyük təcrübəmiz var. Bu məsələ ilə bağlı artıq otellərlə iş aparılır. Yaxın günlərdə bir neçə görüşümüz nəzərdə tutulur. Bu görüşlərdə COP29-un nə qədər önəmli tədbir olduğunu bir daha onların diqqətinə çatdıracağıq və bu işə daha ciddi yanaşmalarını tələb edəcəyik”, - deyə Göydəniz Qəhrəmanov bildirib.