“ATABANK” BANK KREDİTLƏRİNİN İLK YARMARKASINI KEÇİRMİŞDİR
Bankdan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Azərbaycanın şimal-şərq zonasında fəaliyyət göstərmək üçün bankın ilk filialı məhz Xaçmazda açılmış və birinci kredit yarmarkası da burada keçirilmişdir. Gələcəkdə digər bölgələrdə - Gəncədə, Şəmkirdə, Gədəbəydə də belə yarmarkalar keçirmək nəzərdə tutulmuşdur. Yarmakalara, əvvəlcə, bankın Sahibkarlığa Kömək Milli Fondundan aldığı güzəştli ehtiyatlar çıxarılacaq, sonra isə bankın öz vəsaitləri hesabına kreditlər paylanacaqdır.
İlk yarmarkaya Azərbaycanın şimal-şərq zonasında fəaliyyət göstərən 50 iş adamı dəvət edilmişdir. 1-5 min ABŞ dolları məbləğində kreditlərə biznes-plan təqdim edilmədən baxılır, 5 min dollardan artıq məbləğdə kreditlər üçün isə biznes-planlar tələb olunur.
Yarmarkada 3 ili güzəştli olmaqla 5 il müddətinə illik 7 faizlə kreditlər oynanılmışdır. Bu rayonda kredit ehtiyatlarından artıq 450 milyon manat məbləğində kredit ayrılmışdır. Bank kreditləri minimum 500 min dollaradək artırmaq fikrindədir.