ATƏT AZƏRBAYCANIN VƏKİLLİK SİSTEMİNDƏKİ İSLAHATLARI DƏSTƏKLƏYİR
ATƏT-in Bakıdakı nümayəndəliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, ikigünlük konfrans zamanı bu yaxınlarda qəbul edilmiş düzəlişlərin respublikada hüquq sahəsində fəaliyyətin, o cümlədən vəkillik sisteminin nizama salınması prinsiplərinə təsiri məsələləri nəzərdən keçirilmişdir.
Nümayəndəliyin rəhbər vəzifələrini icra edən Robin Sivord giriş sözündə bildirmişdir ki, məhkəmə sisteminə ictimai etimadın bərpa edilməsi ATƏT nümayəndəliyinin bu sahədə aparılan islahatlarda fəal iştirakının səbəblərindən biridir. R.Sivord demişdir: “Məhkəmə sisteminin müasir qanunvericiliyə əsaslanmasının vacibliyi danılmazdır. Hazırda qüvvədə olan qanuna düzəlişlərin tezliklə həyata keçirilməsi məqsədi ilə səyləri əlaqələndirməyin vaxtı çatmışdır”.
Tədbirdə vəkillik palatalarının fəaliyyətinin daxili nizamlanması, inzibati prosedurlar və vəkillərin müştərilər qarşısında peşəkarlıq məsuliyyəti məsələlərinə dair fikir mübadiləsi aparılmışdır.
Konfransda yerli vəkillərlə yanaşı, Gürcüstan, Polşa, Rusiya ekspertləri, habelə ABACEELI beynəlxalq təşkilatının rəhbərləri və ABŞ-ın Azəbaycandakı səfiriyinin nümayəndələri də iştirak etmişlər.