ATƏT-İN PARLAMENT ASSAMBLEYASI DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ İLƏ BAĞLI SEMİNAR KEÇİRMƏYİ TƏKLİF EDİR
Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri, nümayəndə heyətinin rəhbəri Səttar Səfərov Cənubi Qafqazda ən inkişaf etmiş ölkə olan Azərbaycanın bir sıra regional layihələrin həyata keçirilməsi nəticəsində gələcəkdə daha güclü dövlətə çevriləcəyini bildirmiş, problemlərdən, o cümlədən Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və onun ağır nəticələri barədə ətraflı məlumat vermişdir. O, Azərbaycanın münaqişənin sülh yolu ilə, beynəlxalq hüquq normaları çərçivəsində həllinə çalışdığını, Ermənistanın isə bəzi qurumların məsələyə ikili yanaşmasından və havadarlarının köməyindən istifadə edərək, öz işğalçılıq siyasətindən əl çəkmədiyini, münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun bu günə qədər təcavüzkara qarşı nə siyasi, nə də iqtisadi sanksiya tətbiq etmədiyini vurğulamışdır.
Səfir Qoran Lenmarker bu səfərin məqsədinin münaqişə ilə yaxından tanış olmaq, ictimaiyyətin fikrini öyrənmək olduğunu, qaçqın-köçkünlərin ağır şəraitində yaşadığını söyləmişdir. Onun fikrincə, münaqişənin həllinə nail olmaq üçün tərəflərin iştirakı ilə seminar keçirilməli, mübahisəli məsələlər diskussiyalar yolu ilə öz həllini tapmalıdır. ATƏT PA buna nail olmağı qarşısına məqsəd qoymuşdur.
Görüşdə Milli Məclisin daimi komissiyalarının sədrləri iştirak etmişlər.