“Aviasiya haqqında” qanun layihəsi növbəti dəfə müzakirə olunub

Bakı, 23 oktyabr, AZƏRTAC
Azərbaycanda aviasiya sahəsində olan norma və tələblər ən yüksək beynəlxalq standartlara çatdırılacaq.
AZƏRTAC xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin İqtisadi siyasət komitəsinin oktyabrın 23-də keçirilən iclasının gündəliyində ikinci oxunuşda müzakirəyə çıxarılan “Aviasiya haqqında” qanun layihəsində öz əksini tapıb.
Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) beynəlxalq standartlarının və tövsiyələrinin nəzərə alındığı qanun layihəsi 68 maddə, 15 fəsildən ibarətdir. Sənəd Azərbaycanın hava məkanından istifadəni və aviasiya sahəsində fəaliyyəti tənzimləməklə bərabər, daşıma, müdafiə, təhlükəsizlik və digər məsələlərlə bağlı təşkilati və hüquqi əsasları müəyyən edir.
Sənədlə ölkə məkanında aviasiya qəzalarının və insidentlərinin araşdırılmasının təkmilləşdirilməsinə, mülki pilotsuz uçuş aparatlarının istismarına dair tələblər və digər məsələlər müəyyənləşdirilir.
Qeyd edək ki, “Aviasiya haqqında” qanun layihəsinin qəbul edilməsi ilə 3 -“Dövlət rüsumu haqqında”, “Dəniz limanları haqqında”, “Milli təhlükəsizlik haqqında” Qanuna və 4 məcəlləyə - Ticarət Gəmiçiliyi, Miqrasiya, Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişikliklər təklif edilir.
Dəyişikliklərdə əsas məqsəd qanunvericiliyimizin təkmilləşdirilməsi və beynəlxalq normalara uyğunluğunun təmin edilməsidir.
Sənədə əsasən Azərbaycanda aviasiyanın mülki, dövlət və eksperimental növləri müəyyənləşdirilir.
Beləliklə, iqtisadiyyatın, əhalinin, o cümlədən ayrı-ayrı şəxslərin ehtiyaclarının ödənilməsi və həyata keçirilməsi üçün nəzərdə tutulan aviasiya mülki aviasiyadır. Hərbi ehtiyacların, habelə dövlət təhlükəsizliyi, xarici kəşfiyyat, daxili işlər, sərhəd mühafizə, gömrük və ya digər dövlət orqanlarının ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan aviasiya dövlət aviasiyası hesab olunur.
Sınaq-konstruktor, eksperimental və elmi-tədqiqat işlərinin aparılmasını, habelə aviasiya texnikasının və digər texnikanın sınaqdan keçirilməsini nəzərdə tutan aviasiya eksperimental aviasiya hesab edilir.
Qanunla qadağan edilməyən fəaliyyət zamanı mülki, eksperimental və ya dövlət aviasiyasından kommersiya məqsədləri üçün istifadə edilə bilər.
Qanun layihəsinə görə, icazə almadan Azərbaycanın dövlət sərhədini keçən, sərhədi üzərində uçuş qaydalarını pozan hava gəmisi məcburi qaydada yerə endirilə bilər. Tələblərə riayət etməyən hava gəmisinin məhvinə icazə verilir.
Məcburi qaydada yerə enmək barədə xüsusi tələblərə riayət etməyən, bortunda pozuntu törədilməsində təqsiri olmayan sərnişinlərin olması barədə düzgün məlumat olmayan və ya özünümüdafiə tələb edilən halda hava gəmisinin məhvinə icazə verilir.
Kommersiya uçuşlarının həyata keçirilməsi zamanı istismar tələblərinə uyğun olmayan sınaqları və qəza şəraitinin imitasiyasını aparmağa yol verilmir.
Sənəd qüvvəyə mindiyi gündən “Aviasiya haqqında” Azərbaycan Respublikasının 2005-ci il 24 iyun tarixli 944-IIQ nömrəli Qanunu ləğv olunacaq.
Qanun layihəsi müzakirələrdən sonra ikinci oxunuşda plenar iclasa tövsiyə olunub.