İDMAN
“Avro-2016”da dörddəbir finalın ilk iştirakçısı Polşa yığması olub VİDEO
Bakı, 25 iyun, AZƏRTAC
İyunun 25-də futbol üzrə XV Avropa çempionatının səkkizdəbir final mərhələsinin ilk oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, Sent-Etyen şəhərindəki “Cefri Quşar “ stadionunda keçirilən oyunu ingiltərəli baş hakim Mark Klattenburq idarə edib.
Matçda hesabı oyunun 40-cı dəqiqəsində polşalılar açıblar. Blaşikovski sol cinahdan başlanan hücumu dəqiq zərbə ilə tamamlayıb. İlk hissə bu hesabla başa çatıb.
Fasilədən sonra hesabı bərabərləşdirmək üçün irəli atılan isveçrəlilər oyunun 83-cü dəqiqəsində istəklərinə çatıblar. Şakiri gözəl qolla oyunda tarazlığı bərpa edib - 1:1. Matçın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Oyunun əsas vaxtında qalib müəyyənləşmədiyi üçün 15 dəqiqəlik iki əlavə vaxt oynanılıb. Lakin əlavə vaxtda da hesab açılmadığı üçün 11 metrlik cərimə zərbələri seriyası yerinə yetirilib. Penaltilər seriyasında 5:4 hesabı ilə qalib gələn Polşa yığması dörddəbir finala vəsiqə qazanan ilk komanda olub.