AVROPA BİRLİYİ DÖVLƏT VƏ HÖKUMƏT BAŞÇILARININ FÖVQƏLADƏ ZİRVƏ TOPLANTISI KEÇİRİLMİŞDİR
Xatırladaq ki, AB dövlət və hökumət başçılarının iyunun 17-də Brüsseldə keçirilən zirvə toplantısının gündəliyində duran bu məsələ öz həllini tapmamışdı. O zaman Avropa Komissiyasının növbəti sədri postuna təqdim olunan Belçikanın baş naziri Ferhofstadtın və AB-nin xarici işlər komissarı ingiltərəli Pattenin namizədliyi məsələsi ətrafında AB parlamentindəki partiyalar blokları arasında qarşıdurma yaranmış, iddiaçılar barədə fikir və rəylər haçalanmış, nəticədə namizədlər barədə qəti rəy formalaşmamışdı.
Fövqəladə zirvə toplantısında AB Şurasının sədri, İrlandiyanın baş naziri Ahern AB Komissiyasının yeni sədri vəzifəsinə Portuqaliyanın baş naziri, 48 yaşlı Xoze Manuel Durao Barrozonun namizədliyini irəli sürmüşdür. Almaniya, Fransa və İngiltərə də daxil olmaqla Avropa Birliyinin əksər ölkələrinin dövlət və hökumət başçıları Durao Barrozonun namizədliyini bəyənmiş, onun şəxsiyyəti və siyasi fəaliyyəti barədə xoş sözlər söyləmişlər. Avropa Birliyinin parlamenti təyinatı təsdiq etdikdən sonra o, oktyabr ayından başlayaraq bu vəzifədə italiyalı Romano Prodini əvəz edəcəkdir.
Fövqəladə zirvə toplantısının iştirakçıları konstitusiya tələblərinə riayət edərək “AB-nin Xarici və Təhlükəsizlik Siyasəti İdarəsi”ni “AB-nin Xarici İşlər Nazirliyi” adı ilə əvəz etmiş və ispaniyalı Xavyer Solananı beş il müddətinə Avropa Birliyinin ilk xarici işlər naziri vəzifəsinə
təsdiq etmişlər. Beləliklə, Xavyer Solana 2006-cı ildən başlayaraq AB-nin xarici işlər naziri vəzifəsində fəaliyyətini davam etdirəcəkdir.
AB dövlət və hökumət başçılarının bir gün davam edən fövqəladə zirvə toplantısı öz işinə yekun vurmuşdur.