AVROPA ERMƏNİSTAN-AZƏRBAYCAN MÜNAQİŞƏSİNƏ SON QOYULMASI ÜÇÜN QƏTİ ADDIMLAR ATMALIDIR
ATƏT-in Parlament Assambleyasının beynəlxalq hüquq normaları əsasında Dağlıq Qarabağ münaqişəsinin həllinə qoşulmasının təqdirəlayiq olduğunu bildirən nazir illərdən bəri davam edən bu problemin səbəbləri və ağır nəticələri haqqında ətraflı məlumat verərək demişdir ki, işğalçı Ermənistanı Azərbaycan torpaqlarını boşaltmağa məcbur etmək lazımdır. Belə olmadıqda, Azərbaycan öz torpaqlarını özü azad etməlidir. Əgər münaqişə bölgəsində döyüş əməliyyatları yenidən başlasa, məsuliyyətin bir hissəsi bu məsələnin həlli ilə məşğul olan beynəlxalq təşkilatların üzərinə düşəcəkdir.
Səmimi qəbul üçün təşəkkür edən səfir Qoran Lenmarker Azərbaycanın müstəqil və inkişaf edən ölkə olduğunu görməkdən məmnunluğunu, qaçqınlarla görüşdüyünü, bu münaqişənin tezliklə həllinin vacibliyini söyləmiş və demişdir ki, körpə ikən qaçqın düşənlər bu gün artıq yeniyetmə yaşındadırlar. Münaqişənin həlli üçün bütün vasitələrdən, o cümlədən parlamentlərin imkanlarından istifadə etmək lazımdır.
General-polkovnik Səfər Əbiyev xatırlatmışdır ki, Avropada insan haqlarından danışmağı çox sevirlər. Lakin Ermənistanın işğalı nəticəsində hüquqları tapdalanmış, təhqir olunmuş bir milyondan artıq Azərbaycan vətəndaşı barədə düşünmək istəmirlər. Siz qaçqınların ağır vəziyyəti ilə tanış olmusunuz. Onların hüquqlarını müdafiə etmək lazımdır. Ermənistan separatizmi dövlət səviyyəsində dəstəkləyir. İşğal edilmiş Azərbaycan torpaqlarında terrorçu qrupları hər cür silah-sursatla təmin etmişlər. Bu ərazilərdən separatçılara külli miqdarda silah və sursat ötürülmüşdür.
Avropa münaqişənin aradan qaldırılması üçün qəti addımlar atmalıdır. Siyasətçilər Ermənistan-Azərbaycan münaqişəsinin həllini hərbçilərin ixtiyarına verməməlidir. Hesab edirəm ki, 14 il gecikən Avropa bir il də geciksə, hadisələrin gedişi faciəvi xarakter ala bilər. Əgər Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarından çıxarılsa, bu, Qafqaz regionundakı digər münaqişə ocaqlarının söndürülməsinə səbəb olacaqdır. Ona görə də Avropa separatçılıq hərəkatına qarşı çevik tədbirlər görməlidir.
Qonaq bu məsələdə Avropanın həqiqətən gecikməsi barədə səslənən fikirlə razılaşaraq demişdir ki, biz mövcud olan münaqişələrin həllinə yaxından qoşulmalıyıq.