AVROPA GİMNASTİKA İTTİFAQI NÜMAYƏNDƏ HEYƏTİNİN SƏFƏRİ BAŞA ÇATMIŞDIR
Avropa Gimnastika İttifaqının (UEG) bədii gimnastika üzrə Avropa çempionatına hazırlığın səviyyəsini yoxlamaq üçün bir neçə günlüyə Bakıya gəlmiş nümayəndə heyətinin səfəri başa çatmışdır. Azərbaycan Gimnasitka Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, UEG-nin direktoru Manfred Kuxt və Texniki Komitənin sədri Hayde Bruneder Təşkilat komitəsinin iclasında iştirak etmiş, Heydər Əliyev adına İdman-Konsert Kompleksində olmuş, “Lider TV”-nin nümayəndələri ilə görüşlər keçirmişdir. Məlum olmuşdur ki, Avropa çempionatını “Avrosport” kanalı da yayımlayacaqdır.
Manfred Kuxt bildirmişdir ki, UEG çempionatın başlanmasına iki həftə qalmış İdman-Konsert Kompleksinin tamamilə təşkilat komitəsinin sərəncamına veriləcəyinə dair hökumətdən zəmanət almışdır. Bu, salonun dizaynı ilə məşgul olmağa və kompleksi yarışların açılışına yaxşı hazırlamağa imkan yaradacaqdır. M.Kuxt demişdir: “Zənnimcə, Avropa çempionatının səviyyəsi 2005-ci ildə keçirilən dünya çempionatından yüksək olacaqdır, çünki dünyanın ən güclü idmançıları bu qitədədir. Avropa birinciliyinin mükafatları uğrunda mübarizəni gələn il Pekin Olimpiadasında yarışacaq gimnastlar aparacaqlar.
Hazırda Avropa bədii gimnastikasında ön sıralarda Rusiya və Ukrayna idmançıları gedirlər. Digər idmançılara onlarla rəqabət aparmaq çətindir. Buna görə də UEG gələcəkdə liderlərlə real rəqabət apara biləcək ölkələrdə idmanın bu növünün səviyyəsinin yüksəldilməsinə dair xüsusi proqramlar hazırlayır.
Kuxt demişdir ki, bədii gimnastikanın sürətlə inkişaf etdiyi Azərbaycanın nümunəsi maraqlıdır. Azərbaycan gimnastları ilk dəfə olaraq yarışların ən azı finalına çıxmağa ümid bəsləyirlər. İdmançılarınızın inkişafı göz qabağındadır. Ümidvaram ki, onlar çempionatda ən yaxşı keyfiyyətlərini nümayiş etdirə biləcəklər. Heç şübhə etmirəm ki, 2007-ci il Avropa çempionatı yüksək səviyyədə keçəcəkdir.
Xanım Hayde Bruneder bildirmişdir ki, Azərbaycan gimnastları öz doğma meydanında möcüzə yarada bilərlər. O demişdir: “Moskvada və Tyedə Qran-Pri mərhələlərində bürünc medal qazanmış Aliyə Qarayeva buna misal ola bilər. İstisna deyildir ki, idmançılarınız tanınmış liderlərin yarışına qoşula bilərlər. Eyni zamanda, demək istərdim ki, budəfəki yarışlar bəzi rekordları vuracaqdır. Mən qrup hərəkətlərində 25 komandanın iştirak etdiyi Avropa çempionatını xatırlamıram.
Təşkilatı məsələlərə gəldikdə isə, Avropa çempionatına hazırlığın süərətlə getməsi bizi sevindirir. Təşkilat komitəsinin görüşündə nümayiş etdirilən teleanons çox xoşuma gəldi. Heç şübhə etmirəm ki, yarış özü də yüksək səviyyədə keçiriləcəkdir. Bakıya qitənin aparıcı gimnastları gələcəklər. Özü də bu yarışlar Yunanıstanın Patras şəhərində keçiriləcək dünya çempionatı ərəfəsində hazırlıq mərhələsi olacaq və orada Pekin Olimpiadasına lisenziyalar uğrunda mübarizə aparılacaqdır.
Aprelin 26-da mən artıq texniki komitəm ilə birlikdə Bakıya gələcəyəm. Aprelin 28-də çıxışların ardıcıllığını müəyyən edəcək püşkatma keçiriləcəkdir”.