AVROPA İTTİFAQI AZƏRBAYCANA XÜSUSİ DİQQƏT YETİRİR
Səfərdən əsas məqsədin Avropa İttifaqının yeni qonşuluq siyasəti çərçivəsində Azərbaycan üzrə Fəaliyyət Planını müzakirə etmək olduğunu diqqətə çatdıran P.Semnebey, Azərbaycan rəsmiləri ilə görüşlərdə planın əsas 9 istiqaməti üzrə fikir mübadiləsi apardıqlarını bildirmişdir. Bunlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, ölkədə demokratik təsisatların inkişafı, insan hüquqları və qanun aliliyinin təminatı, regional əməkdaşlıq və s. məsələləri əhatə edir. O, Fəaliyyət Planı ilə bağlı danışıqlar bitməsə də, artıq uğurların əldə olunduğunu, yalnız texniki məsələlərin qaldığını diqqətə çatdırmışdır. Plan Azərbaycanın ittifaqa daha da yaxınlaşması üçün yeni imkanlar açır. Azərbaycan Avropa İttifaqı üçün xüsusi əhəmiyyət kəsb edir. Hesab edirəm ki, Azərbaycan da Aİ ilə geniş əlaqələr yaratmaqda maraqlıdır.
Azərbaycanda keçirdiyi görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin də müzakirə olunduğunu qeyd edən P.Semnebey, qurumun münaqişə ilə bağlı mövqeyni bir daha açıqlayaraq bildirmişdir ki, Aİ münaqişənin sülh yolu ilə həllinə tərəfdardır və münaqişənin həlli ilə birbaşa məşğul olmasa da, onun aradan qaldırılması üçün kömək göstərə bilər.
Xüsusi nümayəndə Azərbaycandan sonra Ermənistana gedəcəyini və orada keçirəcəyi görüşlərdə də Dağlıq Qarabağ münaqişəsinə toxunacağını demişdir. P.Semnebeyin sözlərinə görə, Ermənistan rəsmiləri ilə danışıqlarda işğal edilmiş Azərbaycan ərazilərində törədilmiş yanğınlar məsələsi də diqqət mərkəzində olacaqdır.