AVROPA İTTİFAQI İLƏ AZƏRBAYCAN ARASINDAMÜNASİBƏTLƏRİN İNKİŞAF SƏVİYYƏSİ ÇOX YÜKSƏKDİR
Nümayəndə heyətinin tərkibinə Böyük Britaniyanın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Brayan Foll, Britaniya Xarici İşlər Nazirliyi Şərq departamentinin müdiri Saymon Smit, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Heyki Talvitiye və başqaları daxildir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Səfər Əbiyev Cənubi Qafqaz regionunda mövcud hərbi-siyasi vəziyyət barəsində qonaqlara məlumat vermiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi üzərində dayanaraq qeyd etmişdir ki, Ermənistan rəhbərliyi mücərrəd sülh haqqında danışmaqdansa, işğal etdiyi Azərbaycan torpaqlarını necə boşaltmağın yolları və BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi 4 qətnamənin tələblərinin yerinə yetirilməsi barədə danışsaydı yaxşı olardı. O demişdir: “Ermənistan bu gün də öz havadarlarının köməyi ilə silahlanmanı intensiv şəkildə davam etdirir. Bizi narahat edən bir də odur ki, beynəlxalq ictimaiyyət bu münaqişənin həllinə lazımınca diqqət yetirmir. Yurd-yuvasından qaçqın düşmüş bir milyondan artıq Azərbaycan vətəndaşının hüquqları tapdalanır və Dağlıq Qarabağda yaşayan bir qrup erməni separatçısının mənafeyinə qurban verilir. Qaçqınlar və məcburi köçkünlər dözülməz şəraitdə yaşayırlar. Azərbaycan xalqı bundan artıq gözləyə bilməz. O, özü münaqişənin həlli yollarını axtarmağa məcburdur.”
Avropa İttifaqının bu münaqişənin həllində hərbi qüvvələrin hərəkətə gətirilməsini arzu etmədiyini bildirən Brayan Foll demişdir: “Biz bilirik ki, Azərbaycan xalqı münaqişənin həllini uzun illərdir gözləyir. İnanırıq ki, bu münaqişənin dinc yolla həllinin perspektivləri var. Onun bu yolla həlli hər iki dövlətin xeyrinə olacaqdır. Avropa İttifaqı bu yolda əlindən gələni əsirgəməyəcəkdir”.
Tərəflər Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın inkişaf perspektivlərini müzakirə etmişlər.
General-polkovnik S.Əbiyev vurğulamışdır ki, Azərbaycan müstəqilliyinin ilk illərindən öz strateji xəttini seçmişdir. Bu strategiya Avropanın təhlükəsizlik sturukturlarına inteqrasiyadan, Avropa və ABŞ-la əməkdaşlığın sürətlə inkişaf etdirilməsindən ibarətdir.
Natiq NATO ilə əməkdaşlıq məsələsinə də toxunaraq bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyev 2004-cü ilin may ayında Fərdi Tərəfdaşlığın Fəaliyyət Planını (İPAP) NATO-nun baş katibinə təqdim etmiş, bu ilin may ayından isə həmin planın müddəaları həyata keçirilməyə başlanmışdır. İPAP proqramının müddəalarını vaxtında yerinə yetirəcəyik.
B.Foll vurğulamışdır ki, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin inkişaf səviyyəsi çox yüksəkdir. Avropa İttifaqı Azərbaycan dövlətinə xeyri olan bütün sahələrdə münasibətlərin inkişafına yardımını əsirgəməyəcəkdir.
Müdafiə naziri görüşdə Azərbaycan Silahlı Qüvvələrində aparılan islahatlar barədə də qonaqları məlumatlandırmışdır.
Görüşdə Böyük Britaniyanın ölkəmizdəki səfiri Lorens Bristoun iştirak etmişdir.