AVROPA OLİMPİYA KOMİTƏSİNİN PREZİDENTİ PATRİK HİKEYİN AZƏRBAYCANA SƏFƏRİ
AZƏRTAC xəbər verir ki, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikey aprelin 7-də ölkəmizə səfərə gəlmişdir. Səfərinin ilk günü qonaq Azərbaycan Milli Olimpiya Komitəsində (MOK), Gənclər və İdman Nazirliyində olmuş, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimovla görüşmüşdür.
Səmimilik şəraitində keçən görüşlərdə Patrik Hikeyə Azərbaycanda bədən tərbiyəsi və idmanın vəziyyəti, ölkəmizin beynəlxalq və olimpiya yarışlarında iştirakı barədə məlumat verildi.
Bu səfərin ölkəmizlə Avropa Olimpiya Komitəsi arasında əməkdaşlığın daha da yaxşılaşmasına təkan verəcəyi vurğulandı.
Patrik Hikey Azərbaycanda olimpiya hərəkatının geniş vüsət almasından, ölkəmizin idmançılarının ən mötəbər yarışlarda uğurlu iştirakından məmnun qaldığını söylədi.
Həmin gün Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikey və xanımı “Azər-İlmə” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Sehirli ilmələr” xalça qalereyasında olmuşlar.
Qonaqlara xalqımızın ən qədim sənətlərindən biri olan xalçaçılıq, Azərbaycan xalı-xalçalarının yüksək keyfiyyəti, zəngin çeşniləri barədə məlumatlar verildi, bildirildi ki, yaxın-uzaq bütün ölkələrdə məşhur olan bu zərif sənət nümunələri dünyanın bir çox muzeylərinin ən nadir eksponatlarından sayılır. “Azər-İlmə”nin də məhsulları ABŞ, Almaniya, Avstriya, İngiltərə, İtaliya, Yaponiya, Rusiyada keçirilən satış sərgilərində xüsusi mükafat və sertifikatlar almışdır. Müəssisə mərkəzi qərargahı Böyük Britaniyada - Oksfordda yerləşən Avropa Biznes Assambleyasının yüksək “Kraliça Viktoriya adına mükafat”ına layiq görülmüşdür. Patrik Hikey və xanımı zəngin xalça eksponatlarına baxdılar, boyama, toxuma prosesini maraqla izlədilər, xalçaçı qızlarla söhbət etdilər.
Çay süfrəsinə dəvət olunan qonaqlarda muğam üçlüyünün ifası, milli rəqslərimiz xoş ovqat yaratdı. Patrik Hikey tar, kamança və qavalı bir-bir əlinə alıb maraqla seyr etdi, ilk dəfə belə sehirli musiqi dinlədiyini bildirdi. Müəssisənin baş direktoru Vidadi Muradov cənab Patrik Hikeyə xalça sənəti və müəssisənin məhsulları haqqında fotoalbom, “Şirvan” xalçası hədiyyə etdi.
Patrik Hikey xatirə kitabına yazdığı ürək sözlərində Azərbaycan xalçalarının gözəlliyindən, ölkəmizdə bu qədim el sənətinin belə məhəbbətlə yaşadılmasından məmnun qaldığını bildirdi.
Sonra qonaqlar xatirə şəkli çəkdirdilər.
“Sehirli ilmə”lərlə tanışlıq zamanı Patrik Hikeyi Azərbaycan MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və İcraiyyə Komitəsinin üzvü Xəzər İsayev müşayiət edirdilər.