AVROPA ŞURASI AZƏRBAYCANDA APARILAN MƏHKƏMƏ-HÜQUQ İSLAHATINI TƏQDİR EDİR
Baş prokuror demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu tutmuş Azərbaycan Respublikasının Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilata üzv qəbul olunmasından sonrakı dövr ərzində ölkəmizdə həyata keçirilən mütərəqqi islahatlar, insan hüquq və azadlıqlarının müdafiəsi və təmin olunması, Azərbaycanın Avropa Şurası qarşısındakı öhdəliklərinin icrası istiqamətində görülən işlər barədə qonaqlara ətraflı məlumat vermişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu il aprelin 29-da Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasındakı çıxışında bəyan edildiyi kimi, Azərbaycanın Avropa Şurasında fəal üzvlüyünün davam etdirilməsi xəttinin xalqımız tərəfindən dəstəkləndiyi və bu sahədə zəruri tədbirlərin görüləcəyi, ölkəmizin başçısının iştirakı ilə mayın 18-də Brüsseldə “Avropa Birliyinə yeni 10 ölkənin qoşulmasını nəzərdə tutan Avropa Birliyi ilə Azərbaycan arasında tərəfdaşlıq və əməkdaşlıq sazişinə protokol”un imzalanmasının inteqrasiya prosesinə yeni təkan verəcəyi diqqətə çatdırılmışdır.
Ölkəmizdə aparılan məhkəmə-hüquq islahatının mütərəqqi mahiyyəti və bu sahədə Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən, Avropa Şurası ilə sıx əməkdaşlığının əhəmiyyəti, ölkəmizdə işgüzar səfərdə olmuş Avropa Şurası hüquqi məsələlər üzrə baş direktorluğunun rəhbəri Gi de Vel tərəfindən həyata keçirilmiş islahatların yüksək dəyərləndirildiyi xüsusi vurğulanmışdır.
Görüş zamanı insan hüquqlarının daha etibarlı müdafiəsinin təmin olunması və demokratik proseslərin inkişafı, qabaqcıl Avropa ölkələrinin mütərəqqi təcrübəsinin öyrənilməsi üçün imkanlar yaradılması ilə bağlı məsələlər üzrə müzakirələr və fikir mübadiləsi aparılmış, qonaqları maraqlandıran suallara ətraflı cavablar verilmişdir.
Görüşdə Azərbaycan Respublikasında aparılan mütərəqqi islahatların davam etdirilməsinin zəruriliyi və demokratik inkişaf yolunun alternativinin olmaması vurğulanmaqla, Avropa Şurası ilə Azərbaycan arasında konstruktiv əlaqələrin daha da genişləndirilməsinin böyük əhəmiyyət kəsb etdiyi qeyd olunmuşdur.