AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ PREZİDENTİ CƏNAB PİTER ŞİDERƏ
Azərbaycan Respublikası 2001-ci ilin yanvarında Avropa Şurası üzvlüyünə qəbul edilmiş və bir il ərzində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş, gələcəkdə də yerinə yetirmək əzmindədir.
Azərbaycan Respublikası Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti hələ tərifi dəqiq müəyyənləşdirilməmiş “siyasi məhbus” termini altında, bir çox müddəaları hüquqi nöqteyi-nəzərdən mübahisəli olan məruzənin gündəliyə daxil edilməsinə etirazını bildirir. “Azərbaycanda siyasi məhbuslar” adlı məruzənin müzakirəsinin gedişi də bu qənaətin doğruluğunu sübut etdi.
Çıxış edən deputatların əksəriyyəti (cənab Roqozin, Sağlam, Slutski, Karpov, Əliyev, Yaskerniya, Massere, Seyidov və Adamia) məsələnin bu şəkildə və bu tezliklə müzakirəyə çıxarılmasının əleyhinə olduqlarını, “siyasi məhbus” termininin dəqiq meyarlarının müəyyənləşdirilmədiyi halda onun Azərbaycana tətbiq edilməsinin yolverilməzliyini göstərdilər. Onlar məruzənin hələ kifayət qədər hazır olmadığını nəzərə alaraq, yenidən işlənmək üçün Hüquq Məsələləri və İnsan Haqları Komitəsinə qaytarılmasını, Azərbaycana bu istiqamətdə müsbət irəliləyişlərini davam etdirmək üçün vaxt verilməsini təklif etdilər.
Azərbaycanla bağlı məruzə ətrafında çıxış edən və əksəriyyəti Azərbaycanın obyektiv mövqeyini müdafiə edən deputatlardan sonra Avropa Şurasının Baş katibi Valter Şvimmer söz almış və məsələyə öz münasibətini bildirmişdir. Əlbəttə, bu Baş katibin haqqıdır. Lakin onun çıxışının məzmunu və mahiyyəti müzakirənin sonrakı gedişinə və səsverməyə birbaşa təsir və təzyiq göstərmək səciyyəsi daşıyırdı. Cənab Baş katib çıxış edən deputatların məruzənin hazırlanmasında iştirak etmiş ekspertləri ciddi və haqlı tənqid etmələrini AŞPA-nın nüfuzunun və ekpertlərin obyektivliyinin şübhə altına alınması kimi qiymətləndirmiş, ekspertlərin tələblərinin yerinə yetirilməsində təkid etmişdir.
Azərbaycan Respublikası Milli Məclisinin Avropa Parlament Assambleyasındakı nümayəndə heyəti Baş katibin səsvermədən öncə bu cür kəskin ifadə olunan mövqeyindən narazılığını bildirir, bu çıxışı sonrakı səsverməyə birbaşa təzyiq kimi qiymətləndirir.
Biz Avropa Şurasına və onun ekspertlərinin rəylərinə, nüfuzuna hörmətlə yanaşır və arzu edirik ki, Avropa Şurasının rəhbərliyi də ədalətli mövqeyi ifadə edən deputatların rəyinə və nüfuzuna ehtiramla yanaşsın.
Azərbaycan Respublikası Milli Məclisinin
Avropa Şurası Parlament Assambleyasındakı
nümayəndə heyətinin üzvləri:
İ.Əliyev, Ə.Abbasov,
B.Əliyev, Q.Əliyev,
G.Hacıyeva, Ə.Hüseynov,
R.Hüseynov, N.İbrahimov,
S.Seyidov, N.Şaxtaxtinskaya,
V.Vəkilov