Avropa Şurası tribunasından Azərbaycandakı nümunəvi tolerantlıq mühitinin öyrənilməsi tövsiyə olunub
Strasburq, 20 aprel, AZƏRTAC
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) üçüncü iş günündə müzakirəyə çıxarılmış “Avropada antisemitizmə qarşı mübarizədə yeni vəzifələr” böyük maraq və geniş müzakirələr doğuran hesabatlar sırasında olub.
Latviyalı deputat Boris Sileviçin hazırladığı həmin məruzənin belə maraq doğurmasına səbəb problemin yalnız bir xalqa deyil, bütövlükdə digər təzyiq və təqiblərə məruz qalan xalqlar və dinlərə də aid olması idi. Otuza yaxın Avropa Şurası üzvünün qatıldığı müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov da çıxış edib.
Problemin aktuallığı məsələsinə toxunan azərbaycanlı deputat qədim tarixi olan antisemitizmin müasir dövrdə də mövcudluğunun ciddi narahatlıq doğurduğunu deyib: “Yəhudilərin ən müxtəlif təzyiqlərlə üzləşməsi, sıxışdırılması, təqib edilməsi və bütövlükdə antisemitizmin bir təmayül kimi varlığı, təəssüflər ki, çox qədim hadisədir. Amma ikiqat artıq təəssüf doğuran odur ki, min illər əvvəl bu əzabkeş və istedadlı xalqın üzləşdiyi bəlalar yalnız acı tarix deyil, həm də müasir həyatda rast gəlinən sərt reallıqdır. Parisdən minlərlə yəhudinin köçüb getməsinin ardınca 2015-ci ildə bu şəhərdəki yəhudi mağazasında, yaxud Avropanın digər rəmzi paytaxtlarından sayılan Brüsseldə yəhudi muzeyində terror aktları törədilirsə, oxşar hadisələr Avropanın və dünyanın bir sıra ən inkişaf etmiş demokratik ölkələrində təkrarlanırsa, deməli, sayıqlığımızı qat-qat artırmalıyıq. Antisemitizmlə mübarizənin daha çevik və müasir üsulları tapılmalıdır. Ona görə də müzakirə olunan mövzu son dərəcə aktual və zəruridir. Axı “antisemitizm” kimi qeyd edilən bir axın mövcuddursa, fəlsəfəsi etibarilə bu daha əhatəli fəsadların artmasına rəvac verən epidemiya deməkdir. Bu ksenofobiya, islamofobiya, irqçilik, dinlər arasında nifaq, mədəniyyətlər arasında təfriqə deməkdir. Antisemitizm bu gün də ayaq üstədirsə, deməli, istənilən başqa dinin təmsilçilərinə, istənilən başqa xalqlara qarşı da eyni nifrət dalğasının püskürməsi, bənzər zorakılıqların törədilməsi ehtimalı qaçılmazdır”.
Azərbaycanın bütün xalqlar və millətlərin mehriban ailə kimi yaşadığı, mədəniyyətlər və dinlər arasında dialoqun ölkəmizdə ən yüksək səviyyədə gerçəkləşdirildiyinə diqqət yönəldən deputat bildirib: “Azərbaycan çoxmillətli, çoxkonfessiyalı, çoxmədəniyyətli bir dövlətdir və tarix boyu da həmişə belə olub. 2016-cı ilin Azərbaycanda rəsmən “Multikulturalizm ili” elan edilməsi də elə həmin xəttin daha bir bariz təsdiqi sayıla bilər. Dünyanın bir sıra aparıcı ölkələrində belə yəhudilərə qarşı bu gün də davam edən arzuedilməz münasibətlərin fonunda Azərbaycanda yəhudilərin həyat modelinin öyrənilməsi vacib olan, ibrət götürülməli nümunədir”. R.Hüseynov avropalı deputatların diqqətinə xeyli maraq doğuran mühüm tarixi dəlilləri də çatdırıb: “Azərbaycanda həm dağ yəhudiləri, həm də Avropa yəhudiləri - aşkinazlar heç bir başqa ölkədə olmadığı kimi rahat, sıxıntısız yaşamaqdadırlar. Həm də bu yeni hadisə deyil, zəngin tarixi, ənənələri olan prosesdir. Azərbaycana dağ yəhudilərinin ilk gəlişi mötəbər yazılı məxəzlərin təsdiqlənməsinə görə, 2700 il əvvələ aiddir. Avropa yəhudiləri isə Azərbaycana XIX yüz ilin sonlarından üz tutmağa başlayıblar. Əgər 1897-ci ildə yalnız Bakıda onların sayı 2500 nəfər idisə, 1913-cü ildə artıq 10 min nəfərə çatıb. Sonrakı onillərdə də bu rəqəm daim artmaqda davam edib. Elə bu adi statistika Bakının, Azərbaycanın yəhudiləri niyə cəzb etməsi haqda çox şey söyləyir. Sovetlər zamanında da Bakı və Azərbaycan yəhudilərin özünü ən xoşbəxt, ən təhlükəsiz hiss etdiyi doğma məkan idi. Təbii ki, Azərbaycanın övlad kimi qəbul etdiyi bu zəhmətkeş, ağıllı, qabiliyyətli insanlar da ölkənin inkişafına çox töhfələr verdilər və bu gün də həmin xidmətlərini davam etdirməkdədirlər. Hazırda Bakıda, Qubada, Oğuzda və Azərbaycanın digər şəhərlərində 7 sinaqoq fəaliyyət göstərir, çoxsaylı yəhudi mədəniyyət və təhsil mərkəzləri mövcuddur. BMT yəhudilərlə bağlı öz rəsmi hesabatlarında da xüsusi vurğulayıb ki, Azərbaycan yəhudilərin öz ənənələrinə tam sərbəst şəkildə və dolğun halda əməl edə bildikləri ən münasib ölkələr sırasında öndədir”.
Son olaraq deputat dinlərə, mədəniyyətlərə və xalqlara Azərbaycandakı tolerant münasibətin bir vacib nümunə kimi belə problemlərin mütəmadi olaraq yaşandığı Avropada və dünyada öyrənilməsini tövsiyə edib: “Məhz bütün xalqlara, bütün dinlərə, bütün mədəniyyətlərə qarşı bu cür yanaşma tərzinin sülh və rifah içərisində ömür sürməyin ən sınanmış düsturu və qızıl qaydası olmasını dərk etmək çətin deyil. Çətin olan bunları gerçəkləşdirmək, həyat normasına çevirməkdir. Ətrafında düşündüyümüz mövzu və təhlil etdiyimiz məruzə də həmin çətinliyin öhdəsindən necə gəlməyin faydalı yollarını nişan verir. Qalır bunlara əməl etmək”.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq