Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri BDU-da mühazirə deyib
Bakı, 9 mart, AZƏRTAC
Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri, səfir Petr Zix Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin tələbələri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüş zamanı səfir P.Zix “Avropa Şurası hüququnun əsasları” mövzusunda mühazirə söyləyib.
Səfir tələbələrə Avropa Şurasının tarixi, əsas fəaliyyət istiqamətləri və onun yaranmasını şərtləndirən tarixi-siyasi mühit barədə ətraflı məlumat verib. Səfir Avropa Şurasının fəaliyyəti ilə yanaşı, konvensiyaların hazırlanma və qəbul olunma prosedurundan da söz açıb.
Hüquq fakültəsinin dekanı Zaur Əliyev ilk dəfə olaraq Avropa Şurasının ölkəmizdəki nümayəndəliyinin rəhbərinin Hüquq fakültəsinin tələbələri qarşısında mühazirə ilə çıxış etdiyini vurğulayaraq, bunun fakültə ilə Avropa Şurası arasında tədris sahəsində səmərəli əməkdaşlıq əlaqələrinin mövcudluğunun mühüm göstəricisi olduğunu bildirib.