Avstriya yay turizmində yeni rekord əldə edilə bilər
Vyana, 28 avqust, AZƏRTAC
Koronavirus pandemiyasından sonra Avstriya yay turizmində yeni rekord əldə edilə bilər. Yay mövsümünün ilk yarısında ölkə üzrə ümumilikdə 39,5 milyon turist gecələməsi qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə turizm üzrə dövlət katibi Suzanne Kraus-Vinkler mətbuata açıqlamasında söyləyib. O bildirib ki, bu nəticə pandemiyadan öncəki 2019-cu il mövsümünün müvafiq göstəricilərindən 1,7 faiz çoxdur. Bu ilin may-iyul aylarında yerli və əcnəbi turistlər təbiətlə yanaşı, Avstriyanın kulinariya, incəsənət və mədəni zənginliyi ilə tanış olmaq üçün bu ölkədə səyahətdə olublar.
Həmçinin qeyd edilib ki, “Euromonitor International” dərgisinin hazırladığı “2023-cü il davamlı səyahət indeksi”ndə Avstriya dünya üzrə üçüncü yerdə dayanır. 56 indikator əsasında tərtib olunan reytinq cədvəlində ölkələr ətraf mühit, sosial və iqtisadi imkanlar, səyahətlər üçün risk və təhlükəsizlik, gecələmə və istirahət infrastrukturu, nəqliyyat və s. kateqoriyalar üzrə qiymətləndirilir.
Dövlət katibi bildirib ki, Avstriya yay turizmi mövsümünün ilk yarısında daha üstün göstərici 40 milyon gecələmə ilə 1980-ci ildə qeydə alınıb və cari mövsümün əlverişli şərtlər altında davam etməsi həmin rekordu təzələməyə imkan verə bilər.
Ölkəyə turist axınında Almaniya, İsveçrə, Lixtenşteyn və Çexiya sakinləri üstünlük təşkil edir.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana