Axıska türkləri Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmişlər
Bakı, 25 fevral (AZƏRTAC). Fevralın 25-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanda yaşayan axıska türklərinin “Vətən” Cəmiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş anma tədbiri keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Sonra Xocalı faciəsini əks etdirən film nümayiş olunmuşdur.
Tədbirdə Cəmiyyətin sədri Şəmsəddin Sərvərov bildirmişdir ki, 1944-cü il sürgünündən sonra Orta Asiya respublikalarına yerləşdirilən axıska türkləri 1958-ci ildə özlərinə yaxın və doğma bildikləri Azərbaycana köçmək üçün icazə almış və həmin ildən başlayaraq buraya köçmüşlər. Azərbaycanı özlərinə ikinci vətən seçən axıska türkləri 1989-cu ildə Xocalı şəhərinə köçmüşlər. Bildirilmişdir ki, yüzlərlə axıska türkü azərbaycanlılarla birlikdə 1992-ci il fevralın 26-da erməni silahlı birləşmələri və sovet qoşunlarının 366-cı motoatıcı alayı tərəfindən soyqırımına məruz qalmışlar.
Ş.Sərvərov diqqətə çatdırmışdır ki, bu soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün türk dünyasına qarşı yönəlmişdir. Soyqırımında yüzlərlə günahsız, əliyalın türk övladları vəhşicəsinə qətlə yetişdirilmişdir. Həmçinin yüzlərlə soydaşımız əsir və girov götürülmüşdür.
Natiq demişdir ki, biz bu cinayəti qəti şəkildə qınayır, insanlıq əleyhinə amansız bir qətliam kimi qiymətləndiririk. Cinayəti törədənlərin beynəlxalq məhkəmə qarşısında cavab vermələrini tələb edirik.
Tədbirdə çıxış edən axıska türklərinin ağsaqqalları Azərbaycan xalqı ilə həmrəy olduqlarını bildirmiş və Xocalıda ermənilərin qəddar hərəkətlərinin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulamışlar.