REGİONLAR
Aygün Əliyeva: Əminəm ki, forum ictimaiyyətin diqqətini Azərbaycandakı mina probleminə cəlb edəcək

Ağdam, 7 dekabr, T.Ağaməmmədov, AZƏRTAC
Bu gün dünyada 60-dan çox ölkə mina və partlamamış sursatlardan əziyyət çəkir. Təəssüf ki, bu siyahıda Azərbaycan ön sıralardadır.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Ağdamda keçirilən “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı Beynəlxalq forum çərçivəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva deyib.
O bildirib ki, tədbirin keçirilməsi üçün Ağdam şəhərinin seçilməsi təsadüfü deyil. Çünki Ağdam azad edilmiş bölgələrimiz arasında ən çox minalanmış rayondur: “Beynəlxalq forumun əsas məqsədi Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş BMT-nin 18-ci inkişaf məqsədinə ictimai dəstək göstərmək, həmçinin mina probleminə toxunmaq, dövlət orqanları ilə bərabər vətəndaş cəmiyyəti təsisatlarının və beynəlxalq ictimaiyyətin də bu məsələyə diqqətini cəlb etməkdir. Bu proqram çərçivəsində artıq iki gündür tədbirlər davam edir. Bakıda keçirilən forumun ilk iş günündə aidiyyəti dövlət orqanları rəsmilərinin çıxışları oldu. ANAMA Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına təlimlər keçdi. Bu gün isə Ağdamda 7 ölkədən 15 ekspertin iştirakı ilə ictimai müzakirələr davam edir. Tədbirin sonunda xarici ekspertlərin iştirakı ilə bəyanatın qəbulu gözlənilir. Əminəm ki, bu tədbirlər beynəlxalq ictimaiyyətin, vətəndaş cəmiyyətinin diqqətini Azərbaycandakı mina probleminə cəlb etməyə kömək edəcək”.