Aysel Ramazanova: Əgər uşaq oyun oynamağı sevirsə, niyə o, sadə oyunlar yaratmasın? VİDEO
Bakı, 7 sentyabr, AZƏRTAC
Müasir dövrdə şagirdlərə yalnız texnoloji alətlərdən istifadəni deyil, ilk növbədə, öyrənməyi öyrətmək vacibdir.
Bu fikri AZƏRTAC-a müsahibəsində 161 nömrəli məktəbin informatika və rəqəmsal bacarıqlar müəllimi Aysel Ramazanova söyləyib. O, uşaqların rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi, texnologiyadan düzgün istifadə, internet təhlükəsizliyi və süni intellektin təhsildə rolu ilə bağlı fikirlərini bölüşüb.
“Biz hər hansı bir aləti öyrəndikdən 1-2 il sonra həmin alət yenilənir. Ona görə də düşünürəm ki, öyrənməyi öyrənməlidirlər, yəni necə öyrənəcəklərini bilməlidirlər. Daha sonra tənqidi təfəkkür, komanda ilə işləmək, kommunikasiya, yaradıcılıq kimi bacarıqlara da sahib olmalıdırlar”, - deyə müsahibimiz bildirib.
“Valideynlər daha çox uşaqların kompüterdə, telefonda neçə saat vaxt sərf etdiklərini düşünürlər. Amma düşünmürlər ki, həmin vaxt ərzində uşaqlar nə işlə məşğuldurlar. Yəni o 1-2 saat ərzində uşaq ya oyun oynayacaq, ya video izləyəcək, digər tərəfdən isə başqa bir şagird proqramlaşdırma öyrənə bilər, yeni bir bacarıq, yeni bir dil öyrənə bilər. Məncə, valideynlər daha çox bu yöndən baxmalıdırlar”, - deyən müəllim qeyd edib ki, bu mövzulara dərslər zamanı da toxunulur. Onun sözlərinə görə, şagirdlər ilk növbədə internetdə gördükləri məlumatların hər zaman göründüyü kimi olmadığını bilməlidirlər. Həmçinin şəxsi məlumatların paylaşılması zamanı diqqətli olmaq vacibdir.
“Onlara bunun necə təhlükəli bir hal olduğunu başa salmalıyıq. Bu hallarla rastlaşanda özlərini itirməməlidirlər, qorxmamalıdırlar. Valideynlərinə və yaxud biz müəllimlərə bunu bildirməkdən çəkinməməlidirlər. Yəni bu təhlükə ilə qarşılaşanda bunu necə idarə edə bilərlər, öhdəsindən necə gələ bilərlər - bunları öyrənməlidirlər”, - deyə müəllim qeyd edib.
A.Ramazanovanın sözlərinə görə, hazırda informatikayönümlü ixtisaslar arasında süni intellekt, kibertəhlükəsizlik, robototexnika kimi istiqamətlər xüsusi əhəmiyyət daşıyır. Bununla yanaşı, tibdə, biologiyada, mühəndislikdə və digər sahələrdə informatikanın rolu böyükdür. Müəllim hesab edir ki, uşaqların texnologiyaya marağından onların inkişafı üçün istifadə etmək mümkündür. Uşağa sadəcə telefonda oyun oynamağı qadağan etmək əvəzinə, həmin marağı faydalı istiqamətə yönəltmək daha effektiv ola bilər.
“Biz adətən uşaqlara deyirik ki, telefonda oyun oynama, dərs oxu. Amma bu o qədər də effektiv olmur. Əgər uşaq oyun oynamağı sevirsə, niyə də o, sadə oyunlar yaratmasın? Yəni bu sahədə onu inkişaf etdirə bilərik. Əgər riyaziyyatı sevirsə, proqramlaşdırma ilə riyaziyyatın məsələlərini necə həll edə bilər - bunu öyrədə bilərik. Dizaynı sevirsə, təqdimatlar, posterlər hazırlaya bilər. Yəni bu sahələrdə uşaqları inkişaf etdirə bilərik”.
Süni intellektin təhsildə istifadəsinə toxunan müəllim bildirib ki, şagirdlər ilk növbədə bu texnologiyadan düzgün istifadə etməyi öyrənməlidirlər: “Şagirdlər bilməlidirlər ki, süni intellekt nə müəllim deyil, nə də ensiklopediya deyil. Uşaqlar ondan düzgün istifadə etməyi öyrənməlidirlər. Onlara süni intellektdən düzgün istifadə etməyi aşılamaq lazımdır. Sırf tapşırığın şəklini çəkib ora atmaqla cavabı gözləmək lazım deyil, araşdırmaq, yeni şeylər öyrənmək lazımdır. Məncə, süni intellekt kifayət qədər bu bacarıqlara sahibdir”.
Aysel Ramazanova bildirib ki, dərslərində süni intellektlə yanaşı, “Kahoot” platformasından, proqramlaşdırma dərslərində “Python” və “Scratch”dən, vizual qeydlərin hazırlanması zamanı isə “Canva”dan istifadə edir və bunlar indiki dövr üçün vacibdir.