Ayxan Abbasov: Ağır məşqlərdən sonra komandanın meydandakı əzmkarlığı məni qane etdi
Sumqayıt, 6 sentyabr, AZƏRTAC
Yaranmış fasilə bizim üçün çox faydalı oldu. Komandaya yeni qoşulanlar və formada olmayan futbolçularımız var idi.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Sumqayıt” futbol klubunun baş məşqçisi Ayxan Abbasov komandanın “Sabah”la yoxlama oyunundan sonra verdiyi müsahibədə deyib.
“Ağır məşqlərdən sonra uşaqların meydandakı əzmkarlığı, çalışqanlığı məni qane etdi. Bu gün bəzi oyunçularımız da milli komandaların heyətindədir. Fürsətdən istifadə edərək, gənc futbolçuların hazırlıq səviyyəsini də yoxladıq. Ümidvaram ki, turdan-tura daha da artıracağıq, - deyə o bildirib.
Qeyd edək ki, UEFA Millətlər Liqasının oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən “Sumqayıt” FK sentyabrın 5-də “Sabah”la yoxlama oyunu keçirib. Ayxan Abbasovun yetirmələri matçda 3:1 hesablı qələbə qazanıblar. “Sumqayıt”ın qollarını Əli Qurbani (2) və Murad Xaçayev rəqib qapısından keçiriblər.