Azadlığı qazanmaq nə qədər çətindirsə onu qoruyub saxlamaq ondan da çətindir
Bakı, 20 yanvar, AZƏRTAC
20 Yanvar hadisələri heç vaxt yadımdan çıxmaz. Bu, çox ağır faciədir. Bu hadisələr keçmiş SSRİ rəhbərliyinin, həmçinin o vaxtkı yerli hakimiyyətin xəyanətkarlığı nəticəsində başımıza gətirildi. Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycanın oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün hər il Şəhidlər xiyabanı və 20 Yanvar dairəsində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edirəm.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Bakı şəhər Yasamal Rayon Veteranlar Təşkilatının sədri, şəhid ailəsi Almaz Qasımova söyləyib.
A.Qasımova deyib: “Biz soyuq havada meydanda dayanmışdıq. Tanklar şəhərə daxil olmuşdu. Milli azadlıq hərəkatını boğmaq məqsədilə keçmiş sovet rəhbərliyi tərəfindən Bakıya yeridilən ordu hamını atəşə tutur, vəhşiliklər törətdi. Gənclər, qocalar, tələbələr şəhid oldu. Biz o günləri unutmamalıyıq. Çünki 20 Yanvar Azərbaycanı müstəqilliyə aparan yolun başlanğıcı oldu. Öz azadlığı uğrunda mübarizə aparan xalqa qarşı belə ağır faciə törədildi. Azadlığı qazanmaq nə qədər çətindirsə onu qoruyub saxlamaq ondan da çətindir. Qanlı Yanvar hadisələrindən sonra azadlığımız daha da möhkəmləndi. Xalqımız şəhidlərimizin qanı bahasına azadlığa qovuşdu”.
Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin hər zaman şəhid ailələrinə, əlillərə, müharibə veteranlarına diqqət və qayğı göstərdiyini söyləyən A.Qasımova bildirib ki, dövlətimizin başçısının bu istiqamətdə gördüyü işlər insanlar tərəfindən yüksək qiymətləndirilir.
Tanrıdan şəhidlərimizə rəhmət diləyən Almaz Qasımova xalqımıza fərəhli, qələbə dolu günlər arzulayıb.