AZƏRBAYCAN
Tematik əlavə
Əlbəttə, Azərbaycanda nələrsə bəlkə də yoxdur. O Yunanıstan-
dır ki, orada hər şey var.
Amma Azərbaycanın dünya səviyyəli istedadları həmişə olmuşdur. Ölkənin özgür mədəniyyəti ona görə
maraqlıdır ki, onun öz dəst-xətti və öz siması var. Bu
təkrarolunmaz cazibədarlığın səbəbləri çoxdur.
Bir tərəfdən, Qafqazın sarsılmaz ənənələri, digər
tərəfdən, Şərqin söz ustadlarının zərif poeziyasının təsiri,
üçüncü tərəfdən, rus motivləri sanki qafqazlıların ülvi ruhlarını
təbii surətdə çulğamışdır. Bütün bunlar mədəniyyətlərin heyrətamiz surətdə qaynayıb-qarışması və yeni olan hər şeyin səmimiyyətlə qəbul edilməsidir.
Müstəqilliyin ilk illərində Azərbaycan özünün müasir tarixinin faciəli anlarını yaşamasına baxmayaraq, ölkə zəngin mədəni irsini qoruyub saxlaya bildirmişdir. Hətta 1990-cı illərin
əvvəllərində hərəkətə gələrək, bir müddət hökmranlıq etmiş
yerli inqilabçılar, millətçi ruhlu bolşeviklər də bu irsə qalib gələ bilmədilər.
Sovetlərə aid nə varsa, hamısına nifrət bəslənməsi nəhayətdə ruslara aid olan hər şeyə etinasız münasibətlə nəticələnmişdir. Lakin Azərbaycan xalqı bu yeni peyda olmuş başbilənlərdən daha müdrik oldu. Yeri gəlmişkən, bunun özü də millətin mədəniyyətindən xəbər verir.
Lakin mədəniyyət öz-özünə mövcud olmur. İnkişaf
olmasa, həyatverici yeni qüvvələr gəlməsə mədəniyyət ölüb gedər. Azərbaycan iqtisadiyyatın inkişafının böhranlı mərhələsini artıq keçmişdir. Ölkənin büdcəsi hələlik kiçik, bir milyard dollardır. Mədəniyyət sahəsinin maliyyələşdirilməsi büdcənin təqribən 2 faizini təşkil edir. Bəli, azdır. Amma büdcədənkənar mənbələr - sponsorlar da var. Azərbaycan biznesmenləri ölkənin mədəniyyətinə kömək etməyi özlərinə borc bilirlər.
“İzvestiya-Azərbaycan”ın bugünkü buraxılışında biz bu
ölkənin görkəmli mədəniyyət xadimlərini təqdim edirik. Ola
bilsin ki, bu adlar bəzilərinə heç nə demir. Bunun özü də pisdir. Halbuki onları Avropada tanıyır və sevirlər, dünyanın
bir çox səhnələrində alqışlayırlar.
İndi Azərbaycan üçün çox ağrıdıcıdır ki, ölkənin fəxri
olan artistlər daha çox xaricdə çıxış edirlər. İstedadların ölkədən getməsi bütün MDB dövlətləri üçün problemdir. Heyf ki, onların bir çoxunu Moskvada az tanıyırlar. Rusiya paytaxtı uzaq xarici ölkələrin dəbdən düşmüş incəsənət xadimləri ilə daha çox maraqlanır.
Yaxşı deyiblər ki, insan ümidlə yaşayır. Ümid həmişə bizimlədir. Kimdən soruşsanız ki, Müslüm Maqomayev kimdir, deyəcək ki, müğənnidir. O, haradandır? Deyəcəklər ki, Azərbaycandan.
“Ax, eta svadba pela i plyasala”... Daha kimi tanıyırsınız? Anarı. Yazıçıdır. Başqa kimi tanıyırsınız? Bülbüloğlunu. Bunu deyib, onun vaxtilə çox məşhur olmuş mahnılarını xatırlayarlar.
Qoy, heç olmasa bu olsun. Amma bu, insanlara xoş
ovqat və sevinc bəxş edirdi.
Polad BÜLBÜLOĞLU, Azərbaycanın mədəniyyət naziri:
MƏDƏNİYYƏTSİZ HƏYAT TƏDRİCƏN ÖLMƏK
DEMƏKDİR
Azərbaycanın mədəniyyət naziri Polad Bülbüloğlu
qeyri-adi adamdır. O, nazirliyə 14 ildir, hələ sovet
dövründən başçılıq edir. Nələr olmuşdur, necə olmuşdur, indi necədir və necə ola bilər - bütün bunları o, başqalarından daha yaxşı bilir. Müğənni və musiqiçi özünün bu yüksək vəzifəsində çoxlarına kömək etmişdir. Buna görə də Azərbaycanda mədəniyyətin indiki vəziyyəti barədə onun fikri xüsusi maraq doğurur.
- SSRİ dağıldıqdan sonra Azərbaycan böyük sinaqlardan keçmişdir. Belə hadisələr zamanı ilk növbədə mədəniyyət dağılır, insanlar arasındakı əlaqələr qırılır, mənəviyyat, mənəvi dəyərlər bir kənara atılır. Azərbaycana xas mədəni ənənələr qorunub saxlanmışdırmı?
- Böyük mövzudur. Demək olar ki, biz böhrandan çıxmışıq. Ən başlıcası budur. Təkcə nazir kimi yox, daha çox mədəniyyət xadimi, musiqiçi, həm də bir insan kimi, mənə elə gəlir ki, indi demək olar: biz böhrandan daha az itkilərlə çıxdıq. Bilirsiniz ki, Azərbaycanda ən ağır illər 1990-1994-cü illər olmuşdur. Hörmətli Prezidentimiz Heydər Əliyev hakimiyyətə gələndən sonra ardıcıl yaradıcı inkişaf başlandı. O vaxtadək vəziyyət, həqiqətən, ümidsiz idi. Biz, sadəcə olaraq, çapalayırdıq və mən teatrların, kitabxanaların, muzeylərin direktorlarını, bax, bu gözəl kabinetə toplayaraq qarşıya bir vəzifə qoymuşdum - bütün çətiinliklərə dözmək, millətin sərvətini nəyin bahasına olursa-olsun, xalq üçün qoruyb saxlamaq lazımdır. Bəli, bəli, olmuş hadisələrdir, əli avtomatlı adamlar mədəniyyət müəssisələrinə gəlib deyirdilər: buradan rədd olun, bura indi bizimdir. Kimin avtomatı vardısa, o da ağa idi. Belə bir vəziyyətdə hansı mədəniyyətdən, hansı irəliləyişdən danışmaq olardı?
- Millətin sərvətini qoruyub saxlamaq mümkün oldumu?
- Bilirsinizmi, mümkün oldu. İtkilərlə də olsa, qorunub saxlanıldı.
- Bəs mədəniyyət nazirini bu gün ən çox narahat edən nədir?
- Çox şey. Mədəniyyət həyatın özüdür. Lakin mədəniyyətsiz həyat tədricən ölmək deməkdir, ölüm deməkdir. Hətta ən varlı ölkədə də mədəniyyətə pul çatmır. İndi dövlətin hamıya kömək etmək üçün kifayət qədər vəsaiti yoxdur. Prezidentimiz ümummilli dəyərə malik bir çox yaradıcılıq kollektivlərinin dəstəklənməsi üçün onlara diqqət göstərir. Bütün görkəmli mədəniyyət xadimlərinə dövlət yardımı edilir. Gənc istedadlara yardım fondu yaradılmışdır. Prezident gənc yazıçılar və şairlər üçün də ayrıca təqaüdlər təyin etmişdir.
- Azərbaycanda musiqi yaşayırmı?
- Xətrimə dəyirsiniz. Müsaidənizlə, xatırladım ki, Azərbaycan xalqı çox musiqi qabiliyyətli xalqdır. Xalq improvizasiya sənətinin ən məşhur ifaçıları- xanəndələr hələ inqilabdan əvvəl, çar hakimiyyəti dövründə xaricdə, məsələn, Bolqarıstanda, Polşada və başqa ölkələrdə öz səslərini qramofon vallarına yazdırırdılar. Bu ənənə indiyədək qorunub saxlanmışdır və bizdə Alim Qasımov kimi görkəmli incəsənt xadimləri var, onu bu gün bütün dünyada tanıyırlar, Avropada qastrollarda olur. Ağaxan Abdullayev kimi gözəl xanəndə var. Xalq mahnılarımız, aşıqlarımız bizim iftixarımızdır. Bu, tükənməz saf çeşmədir. Mstislav Rostropoviç bu yaxınlarda qonağımız olarkən aşıqlar həmyerlimizin şərəfinə meydanda mahnılar oxudular. O, buna heyran olmuşdu.
- Azərbaycan musiqi mədəniyyətinin özünəməxsus xüsusiyyətləri var. Bunlar nədən ibarətdir?
- Tarixi və iqtisadi səbəblərə görə Azərbaycan heç vaxt monomilli ölkə olmayıbdır. Şərqlə Qərbin, Avropa ilə Asiyanın qovuşuğunda yerləşən paytaxtımız Bakı bir çox xalqların mədəniyyətlərinin qaynayıb-qarışdığı, çulğaşdığı məkan olmuşdur və indi də belədir . Məhz buna görə də Şərq və Qərb təfəkkürlərinin üzvi sintezinə, vəhdətinə əsaslanan “muğam operası”, “muğam-caz” kimi mədəniyyət fenomenləri məhz bizdə meydana gələ bilərdi. Bu proses davam edir: Azərbaycanda 17 mədəniyyət mərkəzi fəaliyyət göstərir. Onların arasında rusların, ukraynalıların, kürdlərin, ləzgilərin, tatların, tatarların, gürcülərin, talışların, avarların və başqa xalqların mədəniyyət mərkəzləri var.
_ Teatr yaşayırmı?
- Bəli, yaşayır. İndi respublikada tam gücü ilə işləyən 26 teatr var. Bu il biz Akademik teatrda “Hamlet”in ilk tamaşasını göstərdik. Məsələn, bizim Opera və Balet Teatrı nadir teatrdır. Hazırda burada bütün tamaşalar orijinalın dilində səhnəyə çıxarılır. “Karmen” fransızca, “Traviata”, “Aida” italyanca, rus operaları rusca gedir. Teatrımızda iki truppa - milli və Avropa truppaları var. Şükürlər olsun ki, hamısını da bir təhər saxlayırıq.
- Bəs Azərbaycan kinosu hanı?
- Kino. Mən sizə bir neçə rəqəm deyəcəyəm. Bu il biz dörd film buraxmaq fikrindəyik. Şükürlər olsun. On il əvvəl kinostudiyanı Mədəniyyət Nazirliyindən ayırdılar, əlimizdən aldılar. Açığını deyəcəyəm, əl-qolumuzu burub aldılar. Kinostudiyanın quruca divarları qalmışdı. Onun ərazisində restoranlar, saunalar, kafelər, anbarlar, bir sözlə, nə desən işləyirdi. Bax, belə idi kinonun vəziyyəti. Konkret olaraq kimlərisə təqsirləndirmək istəmirəm, amma “Azərkinovideo”nun rəhbəri rejissor, müavini rejissor, kinostudiyanın direktoru kinorejissor, müavini isə bütün ömrü boyu burada işləmiş peşəkar səs rejissoru, digər müavin peşəkar direktor idi. Kinonu kimlər dağıtmışdı? Budur, indi onlar bütün təqsirləri dövlətin üstünə yıxırlar. Bəs on il əvvəl bunu kimlər bərbad etmişdi? Dövlət hər il onlara üstəlik azdan-çoxdan pul da verirdi. Bərbad hala saldılar, mən bu sözü cəsarətlə deyirəm, oğurlayıb taladılar, icarəyə verdilər, bilmirəm, daha nələr, nələr etdilər, qoymadılalr ki, bir şey qalsın. Yaxşı ki, indi Prezident, zənnimcə, yeganə düzgün qərar qəbul edərək, kinonu dövlətə verdi, bütün sahəni Mədəniyyət Nazirliyinin tabeliyinə keçirdi.
- Mülkiyyətin qaytarılması prosesi necə gedir?
- Kinoteatrlarda çayxanalar, mebel mağazaları, ofislər, daha nələr açan keçmiş direktorları işdən çıxarmağa başlayanda, əlbəttə, narazılıq edirlər. İftiralar başlanır. İş ağılsızlığa gedib çıxır.
- Kinoprokat problemini necə həll etmək fikrindəsiniz?
- Məsələ ondadır ki, son on il ərzində Azərbaycanda kinoprokat sistemini, sadəcə olaraq, xaraba qoyublar, yəni belə bir sistem yoxdur. Sadəcə olaraq, kino göstərmirlər. Deyərdim ki, indi kino canlanmağa başlayır, reanimasiyadadır və həyat əlamətləri göstərməyə başlayır. Əlbəttə, kinonun mövcud olması üçün kinoprokat olmalıdır. Bir problem var: bu gün 8 milyon əhalisi olan respublikada prokat, mənfəət bir yana, hətta filmin öz xərcini çıxarmasını da təmin edə bilməz.
Kinostudiyanın təxminən 3 milyard manata yaxın borcu vardı. Biz təsərrüfatçılıq işlərini düzgün qurmaqla, demək olar, altı aya bu borcu yarıbayarı azaltdıq və bütün əmək haqqı borclarını qaytardıq, köhnə filmlərdən birini bərpa etdik, o, artıq ekrana buraxılmışdır, cari ildə üç film hazır olacaq, gələn il üçün Rusiya Mədəniyyət Nazirliyi ilə birgə film çəkilməsi haqqında müqavilə bağlamışıq, 12 seriyalı film yaradılması haqqında İran Mədəniyyət Nazirliyi ilə razılaşma var, Türkiyə və Ukrayna birgə filmlər çəkmək barədə danışıqlar aparır. Əgər bizə rahat işləməyə imkan versələr, Prezidentin dəstəyi, dövlətin yardımı ilə biz bu sahəni 2-3 ilə dirçəldərik.
- Muzeylər yaşayırmı?
- Bütün əsas muzeylər qorunub saxlanılmışdır. İndi respublikada filialları ilə birlikdə 200-dək muzey fəaliyyət göstərir.
- Mədəniyyət Nazirliyinin ən çox nəyi çatmır?
- Siz, ola bilsin, təəccüblənəcəksiniz: onun özünün təhsil sistemi çatmır. Pul barədə danışmıram. Pul heç zaman çatmayıb və heç zaman da çatmayacaqdır. Nə Fransanın mədəniyyət nazirinin, nə Türkiyə mədəniyyət nazirinin, nə Azərbaycan mədəniyyət nazirinin, nə də Rusiya mədəniyyət nazirinin pulu çatır.
Bizdə onlarca və yüzlərcə musiqi məktəbi, incəsənət, rəssamlıq, xoreoqrafiya məktəbləri var, onlar respublikanın hər yerində mövcuddur. Rusiyada bütün ali yaradıcılıq məktəbləri Mədəniyyət Nazirliyinin ixtiyarındadır. Çox təəssüflər ki, bizdə nə vaxtsa Ali və Orta İxtisas Təhsili Nazirliyi yaradılarkən konservatoriya, incəsənət İnstitutu və məktəbləri onun tərkibinə daxil edilmişdi. İndi bütün bunlar Təhsil Nazirliyinin tabeliyindədir. Bu, çox böyük əyintilərə gətirib çıxarır. Məsələn, trombonçalanlar, valtornaçalanlar və faqotçalanlar çatışmır, konservatoriya isə hər il 14-15 pianoçu buraxır və mənə deyir ki, onları işə düzəlt. Daha bir misal. Bütün respublikada iki arfa var, onlar isə hər il mənə 5 arfaçalan verir və deyirlər ki, işə düzəlt. Biz isə onlara təsir göstərə bilmirik.
- Elan edilmişdir ki, Rusiyada Azərbaycan mədəniyyəti günləri keçiriləcəkdir. Bu tədbir nə vaxt olacaq?
- Gələn ilin aprelində. Bu, bizim üçün mühüm hadisədir. İstəməzdik ki, mədəni ənənələrimiz unudulsun. Birgə yaratdığımız hər şeyi, çox saylı sənət sərraflarına sevinc bəxş etmiş hər şeyi qorumaq lazımdır.
Əkrəm ƏYLİSLİ, yazıçı:
MƏN KİTABLARIMI YANDIRMAQ İSTƏYİRDİM...
Bir dəfə, Azərbaycanda hərc-mərcliyin və siyasi
qarşıdurmanın qızğın çağında o ürəyində dedi:
“Yandırın mənim bütün kitablarımı, onlar heç kimi
xilas etmədi”... Azərbaycanın ən məşhur və özgür
yazıçılarından biri, alovlu qəlbli və dəyanətli bu insan
o illərdə yazıçı üçün son çarəyə əl atmalı - susmalı
olmuşdur. Budur, o, yenidən həyatının əsas işinə - yaradıcılığa qayıdır.
- İki il əvvəl Bakını tərk edib, Naxçıvandakı doğma Əylis kəndinə getməyinizi bəziləri öz bildikləri kimi, yəni etiraz, nə iləsə razılaşmamaq, iqtidarla əlaqəni kəsmək əlaməti kimi qiymətləndirdilər. Bu, doğrudurmu?
- Doğru deyildir. Hər şey əksinədir. Mən. nəhayət ki, öz işimlə, sakit yazıçı əməyi ilə məşğul ola bilərəm. Çox ümid edirəm ki, sözlərim eşidiləcəkdir. Ümidvaram, insanlar indiyədək dediklərimi də eşidəcəkşlər.
- Siz buna inanırsınızmı?
- Ölkə dirçəlməyə başlayır. Dəyişikliklər baş verir, bu, ölkənin kənd rayonlarında xüsusilə nəzərə çarpır. Yaxşılığa doğru dəyişikliklər gedir. Ölkə böhrandan çıxır. Hələ 5-7 il əvvəl insanların bir dərd-səri vardı - bir tikə çörək tapmaq. Bəli, məhz bir tikə çörək. İndi ölkə bambaşqadır. Torpaq xalqa verilmişdir. İndi onlar həyata tamam başqa cür baxırlar. Daha təkcə gündəlik ruzi barədə deyil, başqa məsələlər barədə də düşünmək olar.
- Deməli, siz də ona görə doğma el-obaya qayıtmağı qərara aldınız?
- Könül sakitlik və dinclik istəyir. İttifaqın süqutundan sonra xalqımız çox müsibətlər çəkdi. Olmazın müsibətlər. Mən də kənarda qalmamışdım. Budur, zaman gəlib çatdı və yazı masası məni özünə yenidən cəlb edir. Yaradıcılıq üçün isə mənim Naxçıvandakı Əylis kəndimdən yaxşı bir yeri heç harada tapa bilməzsən. Sevimli kiçik vətən bir çox yazıçılar üçün, elə mənim özüm üçün də dünyada ən cəlbedici yerdir. Bax, mən ona görə buradayam.
- Azərbaycan mədəniyyətinin hamılıqla qəbul olunmuş dəyərlərinə və təşəkkül tapmış ənənələrinə, sizcə, hansı yeni cərəyanlar daha çox təhlükə törədir?
- Birincisi. İstedadların ötəriliyi, püxtələşməməsi. Onlar çoxdur. Onlarla işləmək lazımdır. Onlar özləri də işləməlidirlər. Amma işləmək istəmirlər. Müasir mədəniyyətin fenomeni də buradan irəli gəlir: bu istedadlar suda tez həll olan qəhvə kimidir. İndi hamı ulduz olub. Amma di gəl ki, bu ulduzlar kəhkəşanda qalmır, axıb gedirlər. Halbuki, əsl ulduzlar axmır.
İkincisi. Tarixən təşəkkül tapmış mədəni məkanı parçalamaq bizim üçün faciəli olar. İki əsrdən çoxdur bağlı olduğumuz Rusiya, mədəniyyətlərimizin qarşılıqlı fəaliyyəti olmasa, biz azərbaycanlılar çox şey itirərəik. Qoy, məni nədə istəyirlərsə qınasınlar, amma mən bunu yəqin etmişəm. Biz hamımız - Azərbaycan mədəniyyətinin az-çox tanınmış xadimləri dünya məkanına rus mədəniyyəti vasitəsilə, ruhən mənə yaxın olan Çingiz Aytmatovun təbirincə, “böyük linqvistik enerjidaşıyıcısı” olan rus dili vasitəsilə daxil olmuşuq. Ümummədəni inkişaf amili kimi rus dilinin itirilməsi Azərbaycan üçün bir çox mühüm dəyərlərin itirilməsi ilə nəticələnə bilər.
Üçüncüsü. İndi mədəniyyət sahəsində varisliyin qayğısına az qalırlar. Prezident də bizə bunu deyir və dönə-dönə xatırladır ki, mədəniyyəti ənənələr yaşadar.
- Ölkədə baş verən siyasi hadisələr bu gün sizin üçün nə dərəcədə maraqlıdır?
- Evimizdə görülən bütün işlər mənə maraqlıdır. Təkcə onlar yox.
- Avqustun 24-də Azərbaycanda referendum keçiriləcəkdir. Konstitusiyaya düzəlişlər etmək təklif olunur. Əslində, söhbət hakimiyyətin prezidentlə hökumət arasında yeni bölgüsündən və s. gedir. Bu barədə nə düşünürsünüz?
- Məncə, artıq ölkə belə islahatlara getməyi özünə rəva görə bilər. Sabhakı gün barədə düşünmək lazımdır.
- Hamını belə bir sual düşündürür: yeni formasiyalı siyasətçilər arasında ölkəni sabit və təhlükəsiz inkişaf yolu ilə irəlilətməyə qadir olan şəxsiyyətlər varmı?
- Bu barədə mən də fikirləşirəm. Prezidentimiz nəinki təcrübəli rəhbərdir, həm də fenomenal təşkilatçıdır. Onun komandasında gənclər çoxdur. Onlar müasir, savadlı və hazırlıqlı adamlardır. Çoxu ilə tanışam. Onların arasında çox etibarlı, dövlət məsuliyyətini hiss edən, öz işini bilən adamlar var. Əminəm ki, onlar nə Prezidenti, nə də ölkəni pis vəziyyətdə qoymayacaqlar. Heydər Əliyev oğlu İlhamı da dövlət qulluğuna cəlb etmişdir. Bu, əvvəlcə cəmiyyətdə bir qədər çaşqınlıq doğurdu. Lakin tədriclə aydın oldu ki, Prezident səhv etməyibdir. Çünki İlham özünü, sadəcə, dövlət başçısının etibarlı əməkdaşı kimi deyil, həm də nəcib bir insan kimi göstərdi. O, özünün dövlət və ictimai vəzifələrini vicdanla yerinə yetirir. Hələ bu günədək də şübhə edənlərin gözləri qarşısında o, dövlət miqyaslı xadimə çevrilir.
- Siz yenidən yazı masası arxasındasınız. Nə üzərində işləyirsiniz?
- Qaynaqlara və gələcəyə ünvanlanmış “Əylisdən Əylisə” adlı kitabımı bitirmək istəyirəm. Bu işdən olduqca böyük zövq alıram. Yazıb-yaratmağıma heç kim və heç nə mane olmur.
X X X
Müslüm Maqomayev. Əfsanəvi bir insan. Rusiya ilə Azərbaycan onu indiyədək öz aralarında bölə bilmirlər. Bu, mümkün deyildir. Müslüm bölünməzdir. O, bizim ümumi sərvətimizdir. O, taleyini Rusiya ilə bağlamış azərbaycanlıdır. O, taleyini Azərbaycanla bağlamış rusiyalıdır. Ola bilsin, başqa bir tərif kiminsə ürəyincə olsun: o, bizim öz sovet adamımızdır. Burada da qəbahətli bir şey yoxdur.
Müslüm Maqomayev xalqlarımızın birliyinin rəmzi, canlı rəmzidir. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti Heydər Əliyev valehedici səsə malik mügənninin və sadəcə, yaxşı bir insanın 60 illik yubileyinin layiqincə qeyd edilməsi haqqında sərəncam vermişdir.
Onunla müsahibə sonrakı səhifədə dərc olunur.
MÜSLÜM MAQOMAYEV:
NƏ GENİŞDİR DOĞMA ÖLKƏM
O, indiki fövqəlulduzların yuxuda belə görmədikləri şöhrəti dadmışdır. Vəjdə gəlmiş insanlar onun maşınını əllərində aparırdılar. Onun Şalyapin və Sinatra kimi şan-şöhrət qazanacağına inanırdılar. O, Milanın “La Skala”sında təcrübə keçmiş və Parisin “Olimpiya”sında oxumuşdur. Məşhur Azərbaycan bəstəkarının nəvəsi və ötən əsrin ikinci yarısında rus estradasının ən məşhur əfsanəsi olan Müslüm Maqomayev avqustun 17-də 60 illiyini qeyd edir. Qoşa ulduzların - Müslüm Maqomayev və Tamara Sinyavskayanın yayın istisindən qorunduğu Nikolina Qoradakı evində bizim beş axşam davam edən söhbətimiz.
BİRİNCİ AXŞAM.
İLHAM PƏRİLƏRİ ARASINDA
- Bəs Tamara İlyininiçna haradadır? Mən, axı, gül dəstəsi gətirmişəm...
- Bu mənim yubileyimdir, yoxsa, onun?
- Onda sizə ilk sualımı verirəm: Sizi parlaq opera müğənnisi karyerası gözləyirdi, lakin bundan imtina etdiniz. Peşman deyilsinizmi?
- Əgər ikinci dəfə həyata gəlsəydim, yalnız bir şey dəyişərdi - siqaret çəkməzdim.
- Siz Bakı dənizçilər klubundan birbaşa Helsinkidə keçirilən gənclər festivalına düşdünüz və orada sizi ilk böyük uğur gözləyirdi...
- Bakı şəhərində artıq kiçik uğurlarım var idi. Orada məni tanıyırdılar, hökumət üzvləri üçün konsertlərdə oxuyurdum. Fortepiano sinfində təhsil alırdım, lakin 14 yaşında məndə bas-bariton səsi aşkar oldu və bütün planlarımı alt-üst etdi.
- Bəs bir pianoçu kimi ümid doğururdunuzmu?
- Bəli. Mən səsimi oktavadan do-faya qədər uzada bilirdim. Yaxşı improvizə edirdim.
- Qurultaylar sarayında Fiqaronun ariyasını oxuyandan sonra birdən-birə məşhurlaşdınız. Sizi pianoda müşayiət edən Çingiz Sadıqovun xatirələrindən mənə bəlli oldu ki, siz do-major əvəzinə bir ton aşağı - si-bemol-major da oxumalı oldunuz.
- Bunları internetdə oxumusunuz?
- Əlbəttə!
- Orada belə bir uydurmaya da rast gəlmək olar ki, guya çox mehriban bir insan olan Mahmud Esambayev mənə şillə vurub. Fiqaroya gəldikdə isə... Axı, o vaxt mənim səsim aşağı idi, yüksək notlar götürmək mənim üçün çətin idi. Allah birisinə uca səs verir, digərinə isə çox zəngin orta registr...
- Hər halda, operadan getdiniz.
- Özü də iki dəfə. Birinci dəfə getdim, lakin söz-söhbət yayıldı ki, guya Maqomayev üçün çətindir, daha operada oxuya bilmir. Mən hirsləndim və on illik fasilədən sonra yenə də oxumağa başladım. Özüm-özümə sübut etdim ki, bunu bacarıram. Bundan sonra həmişəlik getdim.
- Təəssüflənmədiniz?
- Klassika şəxsi intizam, gündəlik məşq tələb edir. Mən isə məşq etməyi sevmirəm, mən sərbəstliyi xoşlayıram.
- Böyük Teatrdan da buna görə imtina etdiniz?
- Mən “növbə ilə” oxumaq istəmirdim. Hələ üstəlik sovet operalarında da oxumalı idim, mənim isə onlardan zəhləm gedir. Puççininin, Rossininin, Verdinin musiqisi ilə böyümüşəm və Prokofyevin, yaxud Şedrinin əsərlərində oxumaq istəmirəm. Başa düşə bilmirəm, bütün bunlar Tamaranın necə xoşuna gəlib?
- “Gelikon”da Berqin “Lulu”suna tamaşa edin! Bu, əsl aktyor hünəridir.
- İstəmirəm. Hərçənd əminəm ki, bu, çox maraqlıdır. Başa düşə bilmirəm, niyə indi Böyük Teatr sınaq studiyasına oxşayır: bəstəkarın özünün də sevmədiyi operasını tamaşaya qoyurlar, lakin “Riqoletto” getmir, Donisettinin, Bellininin əsərləri ifa olunmur! “La Skala”da da eksperiment aparılır, lakin orada klassik əsərlər səhnədən düşmür!
- Siz “La Skala”da iki mövsüm keçirmisiniz, tamaşanın birindən çıxıb başqasına getmisiniz - doğrudanmı sənət ulduzları sırasına düşmək istəmirdiniz?
- Mən tamaşadan-tamaşaya getdikcə daha çox anlayırdım ki, bu, mənim işim deyildir. Allah-təala mənə etibarlı uca səs, dözüm və işgüzarlıq verməyib. Uşaqlıqda şəkil çəkirdim, indi yenə də əlimə fırça götürmək qərarına gəlmişəm. Bəs nəticəsi nə oldu? Elə bir böyük əsər yarada bildimmi? Bir neçə portret çəkdim və birdən həvəsdən düşdüm. Tamaranın portretini çəkməyə başladım, bir neçə cizgi qalmışdı. Elə bil əlimdən vurdular: fırçanı əlimə ala bilmədim. Operada isə tamaşaya bir gün qalmış istəmirəm deyə bilməzsən.
- Siz estradada sərbəstlik tapdınız?
- Ümumən, bəli. Fonoqram ilə oxumursan, çalışırsan ki, bu gün oxuduğun mahnı dünənki kimi səslənməsin - bu, adama ləzzət verir! Demirəm ki, fonoqram pis şeydir. Başa düşürəm ki, yeni tələblər meydana çıxıb: səs yaxşı olmalıdır və s. “Fişəng” adam səhnəyə çıxanda, fəvvarələr vuranda və fillər peyda olanda mənim üçün fərqi yoxdur ki, orada fonoqrama ilə oxuyurlar, yoxsa canlı.
- Lakin siz salonları fillərsiz də doldururdunuz!
- Axı, səhnə mizanı da başqa idi: mən ya royal, yaxud da orkestr qabağında olurdum. Başqa heç nə. İndi hünərin var iki saat elə oxu ki, səsin nə xırıldasın, nə batsın, nə də tamaşaçı çıxıb getsin.
- Bu fillər bizim estradanı korlamadımı? Sizin uğurunuzla Kirkorovun və ya Leontyevin qala-şousunun mahiyyəti bambaşqadır.
- Cavanlar da dəyişib: onlar artıq səhnədə tək dayanan insanı qəbul etmirlər. Onlar al-əlvan əyləncəli tamaşa, atılıb-düşənləri, rəqqasə qızları görmək istəyirlər. Kirkorovun və Leontyevin şouları mənim xoşuma gəlir. Başqalarının şousunda da olmuşam, lakin bu barədə danışmaq istəmirəm, onlar ürəyimcə deyil.
- Belələri çoxdur?
- Buna görə də mən tamaşalara çox nadir hallarda gedirəm. Kirkorov məni üç dəfə dəvət edib, mən isə bəhanə gətirirdim ki, itimi tək qoya bilmərəm. Getməyə qorxurdum, çünki konsertə getdin, gərək axıracan oturasan və öz fikrini bildirəsən, mən isə yalan danışmağı bacarmıram. Üçüncü dəfə getdim və çox böyük həzz aldım. Fikrimi Filippə də açıq dedim.
- Kitabınızda Hitlerin qiyafəsində bir fotoşəkliniz var. Bu nə deməkdir?
- Biz - Edita Pyexa, Bronevitski, bir də mən Leninqradda idik və ilk tamaşanı qeyd edirdik. Zarafatlaşırdıq: mən yalançı kəkil və bığ qoymuşdum, Edita özünü məğlub edilmiş Fransaya, Bronevitski isə Napoleona bənzətmişdi. Biz orada xatirə üçün şəkil çəkdirdik.
- Özünüzdə dramatik aktyor istedadı kəşf etmisinizmi?
- Mən “Nizami” filmində çəkilmişəm, lakin bunu aktyor işi hesab etmirəm - özüm-özümü oynayırdım. Çünki, əslində Nizaminin necə adam olduğunu heç kim bilmir. Öz-özünü oynamaq isə maraqlı deyildir.
- Axı, siz mənim də, sizin də çox sevdiyiniz Mario Lantsanın karyerasını təkrarlaya, yəni kinoda müğənni rolunda oynaya bilərdiniz.
- Mənə belə ssenarilər təklif edirdilər, lakin səfeh şeylərdi, ürəyimə yatmırdı.
- Lantsanın oynadıqlarında da ssenarilər səfehdir, ancaq filmlər yaxşı alınmışdır!
- “Böyük Karuzo” əsl musiqili kinodur. Bizdə isə, nədənsə, hamı səfeh bir komediya çəkmək istəyirdi. Buna görə də mən “Nizami”dən başqa daha iki filmdə - “Oxuyur Müslüm Maqomayev” və “Yeni görüşlərədək, Müslüm!” filmlərində çəkilməklə kifayətləndim. Hər ikisi də mənim barəmdədir.
İKİNCİ AXŞAM
ZAMANIN TƏLƏBİ
- Siz həmişə İttifaqlar Evinin Sütunlu Salonunun səhnəsində çıxış edən, rəsmi təntənələri bəzəyən və bəxtəvər ölkə haqqında mahnılar oxuyan artistlərin sırasında olmusunuz.
- Tutaq ki, belədir, bir misal göstərin. Gəlin barmaqla sayaq. Söhbət hansı bəxtəvər ölkədən gedir?
- “Mənim ünvanım - Sovet İttifaqıdır”...
- Mən bu mahnını konsertlərdə oxumamışam, yalnız film üçün yazdırmışam. Bundan əlavə, “Təntənəli mahnı”m da vardır. Bu mahnı sonradan birinci telekanalın musiqi rəmzi olmuşdur. O zaman mən Rojdensktvenskyə dedim: Robert, qəmli mahnılar oxuduğum bəsdir, xoşbəxt məhəbbət haqqında oxumaq istəyirəm. O dedi: bu, ölkəyə məhəbbət haqqında mahnı olmalıdır. Mətnini də mənə verdi: orada partiya barədə bir kəlmə də yox idi, təkcə: “...ölkəm, əgər sən mənimləsənsə!” sözləri var idi. Daha sonra: “Ruslar müharibə istəyirlərmi?”, “Buhenvald harayı”, “Reyddə gecə”, “Kiçik Torpaq” mahnıları. Sonuncunu mən indiyədək gözəl mahnı hesab edirəm və onu heç də Brejnevin adı ilə bağlamaq lazım deyil. Kiçik Torpaq - qəhrəman torpaqdır. Mən orada olmuşam, ələk kimi deşik-deşik olmuş vaqonu öz gözlərimlə görmüşəm. Dənizçilərin qəhrəmanlığı barədə eşitmişəm, mahnı da bu barədə yazılmışdır - rəsmiyyətin buna nə dəxli var? Məhz bu mahnılara görə mən vətəndaş müğənni adı qazanmışam.
- Bütün bunlar sizi kədərləndirmirmi?
- Mən heç də inkar etmirəm ki, bu mahnıların çoxu olduqca xoşuma gəlir. Öz yubileyimə 14 kompakt-diskdən ibarət dəst hazırlamışam. Orada müharibə əleyhinə yazılmış - atamın xatirəsinə həsr olunmuş mahnılar diskdə vardır.
- Orada bütün mahnılarınız toplanıb?
- Yox, seçilmiş mahnılardır. Klassika: opera ariyaları, romanslar, Neapol nəğmələri, 1963-cü ilə aid ilk lent yazımı da tapa bildim! Bu disk isə müzikldir, mahnı çatışmadığından öz filmlərimizdən də mahnılar əlavə etmişəm. Bilirsiniz disk nə ilə bitir? Pıryev vaxtilə Dunayevski haqqında film çəkmək fikrinə düşdü və “Nə genişdir doğma ölkəm” mahnısını yazdırmağı məndən xahiş etdi. Mən bu mahnını duyduğum kimi yazdırdım. Lakin bu, Pıryevi qane etmədi: o istəyirdi ki, mahnı xatirə kimi, düşündürücü olsun. Mən həmin mahnını bu cür təsəvvür etmirdim. Elə buna görə də biz vidalaşdıq. Belə zənn edirdim ki, həmin lent yazısı çoxdan silinmişdir. Lakin birdən aşkara çıxdı.
- Bu musiqi aləmi sanki Atlantida kimi batıb getmişdir. Buna heyfslənmirsinizmi?
- Əlbəttə, heyfslənirəm: gör, nə qədər gözəl musiqi yaddan çıxmışdır. Xüsusilə də “Nə genişdir doğma ölkəm” kimi mahnılar. Nədənsə, bu mahnını totalitar rejimlə əlaqələndirirlər. Bu isə bizim yaşadığımız ölkə haqqında adi bir mahnıdır. Hərcənd veteranlar “qocalara hər yerdə hörmət vardır” sözləri ilə indi razılaşmazlar.
- Bəs musiqi siyasi konyunkturaya görə cavabdeh ola bilərmi?
- Əlbəttə ki, yox ! İndi musiqinin başına min cür oyun gətirilir, bəzən adam çaş-baş qalır. Bir neçə il bundan əvvəl mən Tamara ilə bir yerdə Milad bayramında İsa Məsihin anadan olması barədə beynəlmiləl bir mahnı oxumaq istədim. Lakin qoymadılar, dedilər ki, bu katolik mahnısıdır.
- Bəlkə elə Baxdan da, Haydndan da imtina edək?
- Bu milli ədavət də bir yandan... belə baxanda, mən artıq “qafqaz milliyyətindən olan şəxsəm”. Mən Babaçanyanın xatirəsinə həsr olunmuş konsertdə çıxış edə bilmədim. Bu konsertdə mütləq iştirak edərdim. Lakin “xalq məni düzgün başa düşməzdi”. Vaqner İsraildə qadağan olunmuşdur, çünki Hitler onu sevirdi. Cilyi Mussolini üçün oxuyurdu, Şalyapin çarın hüzurunda diz cörükdü - məgər bütün bunlar onların dahiliyinə xələl gətirirdi? Musiqiyə qadağalar olmamalıdır. Xoşun gəlmirsə, qulaq asma. Sorokinin böyük hay-küyə səbəb olmuş romanı kimi. İstəmirsənsə, oxuma. Belə bir lətifə var: “Mənim pəncərəmdən qadın hamamı görünür tədbir tökün” - “bəs hanı, heç nə görünmür! -“ Siz şkafın üstünə çıxın, onda görərsiniz!” O həddə çatdım ki, istər-istəməz Sorokini oxumaq qərarına gəldim. Axı, hamının qaldırdığı hay-küyün səbəbini bilməli idim. Əgər televiziyada pornoqrafiya kifayət qədərsə, romanda hansı pornoqrafiyadan söhbət gedə bilər.
ÜÇÜNCÜ AXŞAM
QIZIL DANA
- Niyə televiziya ekranlarında görünmürsünüz?
- Guya özünüz bilmirsiniz!
- Bu barədə fərziyyələrim çoxdur.
- Mənim televiziyada daim görünməyim üçün sponsor pul ödəməlidir. Mən isə sponsor axtarmıram və çıxış etmək üçün pul verməyə öyrəşməmişəm - həmişə bizə pul veriblər.
- Bəs bizim şou-biznesə nə olmuşdur? İngiltərədə və ya Fransada “ulduzlar”a pul verirlər. Biz də isə onlar özləri pul ödəyirlər. Qəribə deyilmi?
- Klipi ekrana buraxmaq lazımdırsa, ödəyir. Buna görə də dəridən-qabıqdan çıxırlar: şounun quruluşuna, onun televiziya ilə göstərilməsinə görə də pul ödəmək lazımdır, özünə isə çox cüzi miqdarda qalır.
- Belə çıxır ki, əgər mənim nə səsim, nə sir-sifətim, nə istedadım yoxdursa, lakin pulluyamsa, səhərdən axşamadək ekrandan düşməyə bilərəm?
- Əlbəttə. Günlərin bir günü Volodya Atlantov mənə üstündə xumar baxışlı, saçına lələk taxmış bir qadın şəkli olan val bağışladı. Həmin qadın Delibin “Zınqırovlarla ariya”sı ifa edir. Müsibət idi. Uğunub getdim. Əvvəlcə mənə elə gəldi ki, bu, parodiyadır. Lakin mətni oxuyandan sonra gördüm ki, zarafat deyil. Sadəcə olaraq, bu varlı qadın tamaşaçılar qarşısında oxumaq istəyirmiş. Karnegi-xollu icarəyə götürmüş, konsertə gələn tamaşaçılar isə onun bütün mahnılarını istehzalı gülüşlə qarşılamışlar. Sonra o, disklər buraxdırmışdır. Karnegi-xoll isə dünyanın ən nüfuzlu klassik musiqi səhnəsidir. Həmin səhnəyə buraxılan ilk cazmen isə Benni Qudmen olmuşdur. İndi isə hər bir səhnə satılır: istəyirsən, lap dostlarınla oturub ye-iç, ancaq haqq ver!
- Mən Parisdə belə afişalar görmüşəm: “Qrand-opera” toy şənlikləri üçün kirayə verilir! Böyük Teatrda isə manekençi qızlar “meydan sulayırlar”.
_ Deməli, biz bütün bu işlərdə dünya ilə ayaqlaşırıq, hətta onlardan da irəli gedirik.
- Lakin orada müəyyən mədəni səviyyəni saxlaya bilirlər.
- Çünki qadağalar var. Ümumi telekanallarda seks göstərmirlər. Prezidenti təhqir etməyə imkan vermirlər. Orada çox şey qadağan olunmuşdur. Bu mənada Amerika keçmiş SSRİ-dən də bürokratik ölkədir.
- Bu, yaxşıdır, yoxsa, pis?
- Tam azadlıq heç yerdə yoxdur. Lap istəyirsən, pornofilm göstər - lakin kabel televiziyası ilə, özü də pulla. Mətbuatda da istədiyini yaz, lakin söyüş söymə.
- Sorokini oxuyun, oxuyun...
- Mən özüm qadağalardan cana doymuşam: bu mahnını oxu, bu mahnını oxuma. TV-də Lapin mətnləri şəxsən yoxlayırdı, müəyyən bir mahnının insanların mənəviyyatına cüzi dərəcədə mənfi təsir göstərəcəyini güman edən kimi proqramdan çıxarırdı. Yevtuşenko haradasa, xoşlarına gəlməyən nə isə bir söz deyən kimi, onun “Tələsmə” əsərini qadağan etdilər. Lakin özbaşınalıq daha pisdir.
- Belə çıxır ki, Sovet dövründə bizim bəzi üstünlüyümüz var idi? “Melodiya mənim məhəbbətimdir” kitabınızda Furtsevadan səmimiyyətlə danışırsınız...
- Furtseva artistləri sevirdi. Cavanlığında toxucu olmuş bu qadında sonradan mədəniyyəti fitrətən duyma qabiliyyəti aşkara çıxdı. Əlbəttə, yeri gələndə, çağırıb danlayırdı da. Lakin, əsasən, MK-nın göstərişi ilə. Bu qadın “dəmir ledi” idi və çoxlarına kömək etmişdi. O, əhli-hal adam idi: Böyük Teatrın artistləri qastrola gedəndə onların Yeni ili yaxşı qarşılaması üçün bir vaqon araq göndərmişdi. Mən keçmiş hakimiyyət barəsində pis söz deməyi xoşlamıram. Onlar normal adamlar idi. Elə Brejnevin özü də. Bu, ayrı məsələdir ki, qayda beləydi. Mən onunla yalnız bir dəfə, Bakıda görüşmüşəm. Onun gəlişi şərəfinə “Kiçik Torpaq” mahnısını ifa etmişəm. Mahnını oxuyarkən Brejnev də, Çernenko da hönkür-hönkür ağlayırdılar. Brejnev italyan partizanlarının “Bella, çao” mahnısını çox sevirdi. Bu mahnını oxuyarkən mən tamaşaçılardan əl çalmağı və ayaqlarını yerə döyməyi xahiş edirdim. Bu dəfə də mən həmin mahnını elan edən kimi Brejnev üzünü Heydər Əliyeviçə çevirərək, sanki ona bu sözləri dedi: indi işləməyə başlayacağıq. Əl çaldılar, ayaqlarını yerə döydülər, vəssəlam. Biz bir də görüşmədik. Qalya Brejneva ilə isə dostluq münasibətlərim var idi. Yaxşı, mehriban qadın idi. Əgər tərəzinin bir gözünə indiki, o biri gözünə isə əvvəlki dövrü qoysaydım, onların hansının ağır gələcəyini deməyə çətinlik çəkərdim. Kommunistlər bizi “çox” sevirdilər. Nəfəsimiz kəsilənədək bərk-bərk qucaqlayırdılar. Bununla belə, həm yazdığımıza, həm oxuduğumuza, həm də yapdığımıza nəzarət edirdilər. Bizə qarşı həddindən artıq diqqətli idilər. İndi isə bunların heç biri yoxdur - bunun yaxşı və ya pis olduğunu deyə bilmərəm.
- Bəs nəticə etibarilə nə oldu?
- Bizim gözəl Böyük Teatrımız var idi. Gözəl müğənnilər var idi, baxmayaraq ki, onları üzun müddətə xaricə getməyə qoymurdular, gedənə də vətən xaini damğası vurulurdu. Lakin o zaman Atlantov, Mazurok, Milaşkina, Sinyavskaya, Obraztsova, Nesterenko kimi müğənnilər var idi. Onlar burada, vətəndə işləyirdilər. İndi isə hamı o tayda oxuyur.
- Bəs siz niyə çıxıb getmədiniz?
- Mən təbiətən vətənpərvərəm və əcnəbilər arasında yaşaya bilməzdim. onların söz-söhbəti yalnız biznes haqqındadır.
- Lakin biz özümüzünküləri qiymətləndirə bilmirik.
- Mariya Qulegina adlı müğənni məni büsbütün sarsıtdı. “Metropoliten-opera”da mənim tanımadığım bir müğənninin iştirakı ilə “Kənd namusu”nu səhnəyə qoymuşdular. Moskvaya zəng vurdum: burada Qulegina adlı ecazkar bir müğənni çıxış edir, tamaşaçılar heyrətə gəlib, bəs mən niyə onun haqqında heç nə bilmirəm? Moskvadan isə mənə deyirlər: ona görə ki, Quleginanı az qala peşə səriştəsizliyinə görə Böyük Teatra işə götürməmişlər. Natalya Troitskayanın və bir çox başqalarının da başına belə oyunlar açmışlar.
DÖRDÜNCÜ AXŞAM
İŞIQDAN ZÜLMƏTƏ DOĞRU
- Siz qastrola çıxırsınızmı?
- Çox az, cavanlığımda da evdən uzaqlaşmağı xoşlamırdım. Növbəti dəfə Amerikaya dəvət etmişdilər, hətta az qala pudelim - Çarlik üçün baxıcı da tapmağa söz verirdilər. Sonra isə qonorar məsələsində mənə kələk gəldilər, üstəlik də “Novoye russkoye slovo” qəzetində bizə qara yaxdılar. Yaxşı ki, biz oraya getmədik. Ölkə daxilində isə səfərlərdə oluruq.
- Tamaşaçılar sizin üçün darıxmırlar...
- Mən başa düşürəm ki, vaxt gedir. Mənə deyəndə ki, səsin 30 il bundan əvvəlki kimidir, mən inanmıram. Axı, mən özüm öz səsimi eşidirəm.
-Konsertlərinizdə indiki dövrə uyğun düzəlişlər etmisinizmi?
- Məhəbbət haqqında mahnıları azaltmışam. Lakin mənim konsertimə gələnlər keçmişlərini xatırlamaq istəyirlər. Mən də yeni üsullara əl atmıram: Frenk Sinatra öz repertuarını dəyişməmişdi, ömrünün axırınadək eyni mahnıları oxumuşdu.
- Siz niyə öz yaradıcılığınıza birdən-birə nöqtə qoydunuz? Heyrətimiz uğur qazanmışdınız və qəfildən kənara çəkildiniz.
- Nöqtəni mən özüm qoymağı xoşlayıram. Lakin “qapıları çırpmaq” da istəmirəm. Buna görə də solo konsertlərimi yavaş-yavaş azaldıram. Bu yaxınlarda Tamara ilə birlikdə Kiyevdə və Peterburqda, pərəstişkarlarımın daha çox olduğu bu şəhərlərdə konsertlər verdik. Salonlar ağzından dolu olurdu. Doğrudur, qiymətləri də qaldırmamışdıq ki, pərəstişkarlarım konsertlərə gələ bilsinlər.
- Lakin bu konsertlərə təkcə sizin nəslin nümayəndələri gəlmir!
- Gənclər öz valideynləri ilə gəlir və böyük məmnuniyyətlə qulaq asırlar. Lakin onlar özləri konsertə tək gəlməzlər. Vitasın və ya Şuranın konsertlərinə getməyi üstün tutarlar.
- Vitasa və Şuraya münasibətiniz necədir?
- Normal. Yeni dövrün bütün yeniliklərinə olduğu kimi. Utyosov vaxtilə mənə demişdi: Müslüm, mən səni sevirəm, lakin razılaş ki, “Şən nəğmədən könül açılır” mahnısından yaxşısı yoxdur. Mən onun nə demək istədiyini başa düşdüm: Maqomayev uğur qazansa da, pərəstişkarları onun maşınını əllərində aparsalar da, məndən yaxşı oxuyan yoxdur. Bunu deyəndə o, əlbəttə, öz dövrü üçün haqlı idi. Eləcə də, mənim üçün öz dövrüm yaxşı idi. Lakin həmin dövr ötüb keçdi, indi Vitasın zamanıdır. Hətta mənim çox sevdiyim Alla Borisovnanın da yeniyetmələr üçün dövrü yavaş-yavaş ötüb keçir. Hərçənd Alla Borisovna bizim üçün əbədidir.
- Bəs sizin kimi opera ilə estradanı qovuşduran müğənni haqqında nə deyə bilərsiniz? Baskov haqqında?
- Baskovla çox yaxşı tanışıq, o yaxşı oğlandır və istedadlı adamdır. Mən ona demişəm: əgər opera ilə ciddi məşğul olmaq istəyirsənsə, gec-tez qəti seçim etməlisən. Kavaradossini oxumaq istəyirsənsə, şounu yaddan çıxarmalısan. Səsinlə məşğul olmalısan, bəlkə İtaliyaya getmək məsləhətdir...
- Mən İnternetdə Valera adlı bir nəfərin fikri ilə tanış oldum: “Müslüm həmişə qətiyyətli olmuşdur, indi də qətiyyətlidir, yerdə qalanlar isə parovoz fiti təsiri bağışlayır”. Mən parovoz fitinin nə demək olduğunu bilmirəm, lakin o sizi yüksək qiymətləndirmişdir. Doğrudanmı, sizin maşınınızı əllərdə aparırdılar?
- Hər şey olmuşdur. İndi estrada ulduzları camaatın arasına girir, əllərini qızlara uzadırlar. Mən bunu bacarmazdım. Qolumu qoparardılar, paltarımı parça-parça edərdilər. Maşınımı idman sarayının düz qapısı ağzına sürürdülər, mən minirdim və biz dərhal aradan çıxırdıq.
ÜCNƏFƏRLİK ÇAY DƏSGAHI
- Sizi pianoda müşaiyət edən Çingiz Sadığov iddia edir ki, sizin pullarınızı elə sizin özünüzdən gizlədirmiş. Doğrudan belə bədxərcsiniz?
- Bir dəfə Uzaq Şərqdə 20 min rubl qazandıq. Bu, o zaman üçün böyük pul idi. Mən də maşın almaq istəyirdim. Ancaq Moskvaya qayıdıb, “Metropol” mehmanxanasında dəbdəbəli nömrə tutdum. Hər gün iyirmiyədək adam mənim nömrəmdə qəlyanaltı, nahar və şam edirdi.
- Kimlər idi o bəxtəvərlər?
- Görkəmli bəstəkarlarımız, şairlərimiz, dostlarım. Beləliklə, bütün pullarımı xərclədim. Dostlarıma əl tutdum, kiminin maşının təmir etdirdim, kiminə də başqa bir işdə kömək etdim.
- Özünüzə maşın almadınız?
- Özümə... (O biri otağa çevrilib qışqırır) Tyapa, yadında deyil, ilk maşınımızı nə vaxt almışıq?
(Tamara İlyiniçna Sinyavskaya içəri daxil olur. Gənc və gözəldir. Başında da zərif yay şlyapası var. Əsl ulduz kimi son anadək pərdə arxasında idi və yalnız bircə dəfə bizə kofe vermək üçün pəncərədə göründü).
T.S.: (opera pərisinin ecazkar səsi ilə) Aha, mənsiz ötüşə bilmirsiniz! 1978-ci il, iyulun 25-də Kaluqada. Onda biz gündə iki-üç konsert verirdik və “Volqa” avtomobili aldıq. Müslümün isə texnikadan yaxşı başı çıxır. Alan kimi minib sürdü.
- Sürücülük vəsiqəsi olmadan?
- Əlbəttə, nə vəsiqə! O, dedi ki, uşaqlıqda düz yolda sürməyi öyrənib. Sürdü və dərhal güllüyə girdi. Sərt baxışlı bir milis nəfəri gəldi, lakin Müslümü görən kimi aftoqraf istədi. Səhəri gün isə DYM-də əlaçı sürücü vəsiqəsi verdilər. Mən də sükan arxasında əyləşməyi arzulayırdım, hətta kursa da getdim. Ancaq o, mənim maşın sürməyimi heç istəmirdi. Mən imtahan verəndə ...
M.M.: Yaxşisi budur, imtahanı necə verməyindən danış, maşını yerindən tərpədə bilmirdin.
T.S.: Əlbəttə, həyacan keçirirdim. Ancaq qaydaları ondan da yaxşı öyrənmişdim. İmtahandan da əla qiymət aldım.
M.M.: Nəzəriyyəni öyrənmisən, təcrübən isə heç yoxdur.
T.S.: Mən nəzəriyyəçiyəm. Sürməyə isə imkan vermirlər.
M.M.: Başa düşə bilmirəm, qadınlar sükan arxasında oturmağa niyə can atırlar!
T.S.: Makvala(Kasraşvili - müğənni və Tamaranın rəfiqəsi. -V.K.) da sürür!
M.M.: Nə olsun! Maşın sürə bilmirsən, əvəzində Allah sənə başqa istedad verib. Məsələn, Allah məni riyyaziyyatçı etməyib.
T.S.: Bu baxımdan biz bir-birimizə bənzəyirik. Ancaq Müslüm kompüterlə dərhal dostlaşdı. Mən isə heç yaxın durmaq istəmirəm. Orda xüsusi düşüncə tərzi lazımdır. Mən isə hələ uşaqlıqdan diqqətcil deyiləm, fikrim çox tez yayınır. Sükan arxasında da belə: maşın sürdüyüm yerdə kimsə üzümə gülümsəsə, mən də çavabında ona gülümsəyərəm, sükan isə yaddan çıxar.
M.M.: Kompüterdən yalnız peşəm üçün istifadə edirəm. “Yamaha”da müsiqi yazıram. Bir də “Fotoşop”dan istifadə edirəm.
T.S.: Mən də onu deyirəm də. Məsələn, siz, kompüterin arxasında oturub, ondan öz peşəniz üçün istifadə edə bilirsinizmi?
- Yalnız bununla məşğulam.
T.S.: Deməli, qabiliyyətiniz var. O, isə müğənnidir, başqa sənətin sahibidir.
- Müslüm, bəs “Fotoşop” nəyinizə gərəkdir?
- Şəklimizi özümüz cəkmək üçün. Özümüzün cəkdiyimiz şəkillər daha çox xoşumuza gəlir.
- Çap etməyə verərsiniz? Yanımda disketlər də var.
T.S: Bax, disket sözünü artıq anlayıram. Müslüm yubiley disklərini kompüterdə özü hazırlayıbdır.
M.M.: Lentlər tamam sıradan çıxmışdı. Yenidən bərpa etmək lazım idi. Bunda “Fotoşop”a bələdliyim mənə kömək etdi. Dizaynerlə bir-birimizi yaxşı başa düşürdük.
- Konsertlərdə opera duetlərini birlikdə oxuyursunuz?
T.S.: Bunun üçün o, royalın arxasından qalxmalıdır. Başqa cür mümkün deyildir. Məsələn, təsəvvür edin ki, Lyubaşa soruşur: ”Mən səndən soruşmaq istəyirdim, səhər ibadətinə gedəcəksənmi?”. O, isə royalın arxasından cavab verir:”Gedəcəyəm”.
- Siz bu bağda xoşbəxtsinizmi?
M.M.: Deyə bilmərəm ki, bağ dəlisiyəm. Cəmi üç ildir ki, buradayıq. Buralar xarabalıq idi.
- Səhərlər hovuzda çimirsinizmi?
- Ah, bu hovuz! Tamara deyirdi ki, lazım deyil, Çarlik ora düşə bilər! İndi isə hovuz bizi istidən xilas edir. Ostioxondrozun müalicəsi üçün də yaxşıdır. Üzürəm. Hələlik, pis deyil, göz dəyməsin...
- Çarlik bu evdə nə kimi yer tutur?
T.S: Ən əsas. Özü də 1991-ci il qiyamının yaşıdıdır.
- Bura sakitlikdir. Bəs səs-küylü olurmu?
- Əlbəttə, xüsusilə də ad günlərdə. Bu zalı da ona görə tikdik ki, bu qədər adam otaqlara yerləşmirdi.
- Siz burada dincəlirsiniz, yoxsa, həm də işləyirsiniz?
M.M.: Biz buranı tamamilə Moskva mənzilimizə bənzətmişik. Buradakı alətlər də, elə bu “Yamaha” da, həmin kompüter də, qırmızı divar kağızları da, bu ağ royal da oradakıların eynidir.
- Yeməyinizi kim hazırlayır?
M.M.: Bir gənc qadın - Manana, indi məzuniyyətdədir. Hələlik isə, özümüz. Allaha şükür, dükanlarda ərzaq var, hətta bəzən kotletlərdə ət də olur.
- Bir neçə dəfə Allahı yada saldınız. Dindarsınız?
T.S.: Dindar olmaq dini ayinlərə əməl etmək, kilsəyə getmək deməkdir. Biz isə dinə daxilən inanan adamlarıq. İndi “namuslu olmaq” sözünü az-az , “allah xofu” sözünü isə ondan da az işlədirlər. Bütün bu gördüklərimiz baş verirsə, deməli, indi Allahdan qorxan yoxdur!
- Ancaq indi birdən-birə hamı Allaha inanan, pravoslav olub.
T.S.: Bu, yeni ruslara aiddir. Boyunlarında xaç, əllərində isə avtomat gəzdirirlər.
M.M.: O zaman ateizmə sadiqliyə and içən partiyaçılar, indi dua oxuyurlar. Mən əqidəmi belə asanlıqla dəyişməzdim. Halbuki, partiyaçı deyildim, pioner təşkilatında isə cəmi bir həftə olmuşam.
- Bəs, bir həftədən sonra pioner qalstukunuz nə oldu?
M.M.: Onu boynumdan çıxardılar. Mən layiq deyildim. Qızların hörüklərindən dartırdım.
T.S.: Bu adamların partiya üzvü olduqları dəhşətli deyil. Axı, onlar partiyaçı olanda ateizmi təbliğ edirdilər. İndi isə bu sözün özünü belə yaddan çıxarıblar. Bax, dəhşət bundadır.
M.M.: Hər kəs ürəyində hansısa qüvvəyə inanır. Allah birdir. Ancaq hərənin öz peyğəmbəri - Budda, Musa, İsa və ya Məhəmməd - var. Allah öz peyğəmbərlərini insanları düz yola gətirmək üçün göndərir. İnsanlar isə bunu anlamırlar...
- Avqustun 17-si sizin bayramınızdır. Necə keçirəcəksiniz?
- Həmin gün özümüz yığışacağıq. Sentyabrın 7-də Bakıda, 17-də isə Moskvada təntənəli tədbirlər keçiriləcəkdir.
- Təbriklər artıq gəlir?
- Ən xoş sözü Putindən eşitmişəm. O, Bakıda rəsmi səfərdə olarkən çıxışında demişdi: ”Bilmirəm, Maqomayev Azərbaycana daha yaxındır, yoxsa Rusiyaya”.
- Bəs Sizə hansı yaxındır?
- Kitabımda yazmışam: Azərbaycan atam, Rusiya isə anamdır. Mən isə Fiqaro kimi gah orada, gah da buradayam.
Valeri Kiçin
“İzvestiya-Azərbaycan” səhifələrinin materialları “İntellekt” tədqiqat mərkəzinin (Azərbaycan) iştirakı ilə hazırlanmışdır.
AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN ULDUZLARI
Fidan Qasımova, müğənni
Xuraman Qasımova, müğənni
Tahir Salahov, rəssam
Rasim Ocaqov, kinorejissor
Rauf Abdullayev, dirijor
Rüstəm İbrahimbəyov, dramaturq
Sərvər Qəniyev, skripkaçı
Zeynəb Xanlarova, müğənni
Ömər Eldarov, heykəltəraş
Maqsud İbrahimbəyov, yazıçı
Kamil Əliyev, xalçaçı rəssam
Anar, yazıçı
Cədvəl
26 Teatrlar
13 Konsert müəssisəsiləri
4406 Kitabxanalar
3022 Mədəniyyət sarayları və evləri, klublar
272 Musiqi, rəssamlıq və incəsənət məktəbləri
1 Bakı Xoreoqrafiya Məktəbi
70 Mədəniyyət və istirahət parkları
133 Dövlət muzeyləri
26 Rəssamlıq qalereyaları
2 Rəssamlıq salonları
İki sahənin - Böyük Estradanın və Operanın xadimi TE