İQTİSADİYYAT
Azərbaycan-ABŞ iqtisadi əlaqələrinin mövcud vəziyyəti barədə fikir mübadiləsi aparılıb

Bakı, 1 iyun, AZƏRTAC
İqtisadiyyat naziri Mikayıl Cabbarov və ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt arasında görüş keçirilib, ölkələrimiz arasında enerji tərəfdaşlığı məsələləri müzakirə edilib, Azərbaycanın “yaşıl” enerji ölkəsi kimi inkişafı ilə bağlı strateji hədəfləri diqqətə çatdırılıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə ölkəmizin “yaşıl" enerji ölkəsinə transformasiyası (ənənəvi enerji mənbələrindən “yaşıl” enerjiyə keçid) prosesinə ABŞ-ın dəstəyi, ölkəmizin bərpa olunan enerji mənbələri üzrə potensialının reallaşdırılması və səmərəli istifadəsi, həmçinin, ətraf mühitin qorunması baxımından bərpa olunan enerji sektorunda innovativ texnologiyalardan istifadənin genişləndirilməsi məsələləri barədə fikir mübadiləsi aparılıb.