Azərbaycan ali təhsil ocaqlarının vyetnamlı məzunları xalqımızla həmrəydirlər
Hanoy, 14 aprel, AZƏRTAC
Azərbaycan ali təhsil ocaqlarının vyetnamlı məzunları xalqımızla həmrəydirlər. Bu fikir Dağlıq Qarabağda qoşunların təmas xəttində yaranmış son gərginliklə əlaqədar Azərbaycan ali təhsil ocaqlarının vyetnamlı məzunları adından Vyetnam-Azərbaycan Dostluq Təşkilatının sədri Nqiem Vu Xayın ölkəmizin Hanoydakı səfirliyinə ünvanladığı məktubda səslənir.
Məktubda Dağlıq Qarabağ regionunda son günlər baş verən hadisələrlə əlaqədar Azərbaycan universitetlərinin vyetnamlı məzunlarının narahatlıq keçirdikləri, Azərbaycan mülki əhalisinin və əsgərlərinin həyatlarını itirməsi və yaralanması ilə bağlı kədərləndikləri və acımızı bölüşdükləri bildirilir.
Məktubda, həmçinin Qarabağda baş verənlərin onlara qırx il öncə müharibə zamanı Vyetnamın milli azadlıq və birlik uğrunda mübarizəsində Azərbaycan xalqının Vyetnam xalqına dəstəyini xatırlatdığı qeyd olunur və bununla bağlı Azərbaycan xalqına minnətdar olduqları bildirilir.
Vyetnamlı məzunlar cəbhə xəttində hazırda əldə olunmuş atəşkəsin qan tökülməsinin qarşısını alacağına, münaqişənin beynəlxalq hüquqa əsasən sülh yolu ilə ədalətli şəkildə həllini tapacağına ümid etdiklərini bildirirlər. Beynəlxalq təşkilatların müvafiq qətnamələrində Dağlıq Qarabağın Azərbaycanın ərazisi kimi tanınmasının ölkəmizin üstünlüyü olduğu vurğulanır.
Sonda əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş fəal və konstruktiv xarici siyasətə uyğun olaraq Azərbaycan xalqının və hökumətinin danışıqları davam etdirəcəyinə və beynəlxalq ictimaiyyətdən daha geniş dəstək alacağına inam ifadə olunur.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Hanoy