Azərbaycan aliminin 20 Yanvar faciəsi haqqında məqalələri Şərq ölkələrində yayımlanıb
Bakı, 20 yanvar, AZƏRTAC
Azərbaycan həqiqətlərini mütəmadi olaraq beynəlxalq ictimaiyyətin diqqətinə çatdıran AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi dosent Sübhan Talıblının 20 Yanvar faciəsi ilə bağlı məqalələri bir sıra Şərq ölkələrində yayımlanıb.
Bu barədə AZƏRTAC-a Şərqşünaslıq İnstitutundan məlumat verilib. Bildirilib ki, şərqşünas alimin “20 Yanvar faciəsinin Azərbaycanın istiqlaliyyət və azadlıq tarixində rolu” başlıqlı məqaləsi İraqda çıxan “Türkmən eli: ədəbiyyat və incəsənət” jurnalının 190 və 191 saylarında ərəb dilində dərc olunub.
S.Talıblının türk dilində “20 Yanvar faciəsi: Azərbaycan xalqının azadlıq və müstəqillik mücadiləsi” sərlövhəli məqaləsi isə Türkiyənin bir sıra saytlarında geniş ictimaiyyətin diqqətinə çatdırılıb. Həmçinin alimin “1990-cı il 20 Yanvar faciəsi: Azərbaycan xalqının müstəqillik və azadlığına yol” adlı məqaləsi Özbəkistanda turkona.uz/ saytında özbək və rus dillərində yayımlanıb.
Müəllif məqalələrdə 20 Yanvar faciəsi, onun başvermə səbəbləri barədə ətraflı məlumat verib.