AZƏRBAYCAN–AVROPA İTTİFAQI MÜNASİBƏTLƏRİNƏ DAİR FİKİR MÜBADİLƏSİ APARILMIŞDIR
Görüşdə Azərbaycan-Avropa İttifaqı münasibətlərinin hazırkı durumuna, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesinə, regional münasibətlərə, bölgədə həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələrinə dair ətraflı fikir mübadiləsi aparılmışdır.
Azərbaycan-Avropa İttifaqı münasibətləri ilə bağlı müzakirələrdə qurumun yeni qonşuluq siyasəti çərçivəsində Azərbaycan üzrə Fəaliyyət Planına dair danışıqlar prosesi, xüsusilə də enerji məsələləri sahəsində əməkdaşlıq imkanları diqqət mərkəzində olmuşdur.
Ölkəmizin təkcə enerji ehtiyatlarının mənbəyi deyil, eyni zamanda onun tranziti qismində çıxış etdiyini diqqətə çatdıran nazir E.Məmmədyarov, Avropa bazarlarına çıxışın dövlət siyasətində prioritet məsələ olduğunu diqqətə çatdırmış, bunun milli təhlükəsizlik baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirmişdir.
Görüşdə, həmçinin dünyada enerji təhlükəsizliyi məsələlərinə toxunulmuş, “Səkkizlər qrupu”nun qlobal enerji təhlükəsizliyi problemlərinə həsr olunmuş yekun sənədə dəstək ifadə edilmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş danışıqlardan söz açan P.Semnebey, qarşılıqlı etimad təbirlərinin həyata keçirilməsi ilə tezliklə sülhə nail olunacağına ümidvar olduğunu bildirmişdir.
Azərbaycan tərəfinin danışıqların Praqa prosesi çərçivəsində davam etdirilməsinə hazır olduğunu bildirən nazir, işğal edilmiş Azərbaycan ərazilərinin boşaldılması, qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması və bu ərazilərdə yenidənqurma işlərinin həyata keçirilməsi ilə bağlı məsələlərdə Ermənistan tərəfinin tutduğu qeyri-konstruktiv mövqeni qonaqların diqqətinə çatdırmışdır. Nazir işğal edilmiş ərazilərdə törədilən kütləvi yanğınları ekoloji fəlakət adlandıraraq demişdir ki, bu yanğınlar Azərbaycan tərəfinin köməyi və ya ATƏT-in vasitəçiliyi ilə aradan qaldırılarsa, qarşılıqlı etimad tədbirlərinə böyük töhfə verilmiş olar.
P.Semnebey məsələni Brüsseldə qaldıracağına söz verərək, yanğınların tezliklə dayandırılmasının zəruriliyini bildirmişdir.
Görüşdə qarşılıqlı maraq kəsb edən bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.