Azərbaycan badmintonçusu: Olimpiadada gücümü sınadığım üçün fəxr edirəm
Paris, Elnur Salahov, 29 iyul, AZƏRTAC
Yaxşı oynamadım, lakin pis oynadığımı da deyə bilmərəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəsini başa vuran Azərbaycanın qadın badmintonçusu Keişa Fatimə Zəhra deyib.
İdmançı yarış zamanı müəyyən məqamlarda səhvlərə yol verdiyini söyləyib: “Bütün bunlara baxmayaraq özümlə fəxr edirəm, çünki olimpiada kimi mötəbər bir yarışda gücümü sınadım. Bu mənim ilk olimpiadam idi. Azərbaycan Badminton Federasiyasına, məşqçimə və ailəmə təşəkkür edirəm. Onlar qalib və ya məğlub olmağımdan asılı olmayaraq, həmişə bu yolda məni dəstəkləyiblər”.
Xatırladaq ki, N qrupunda yer alan Keişa Fatimə Zəhra ikinci matçında Böyük Britaniya təmsilçisi Kirsti Gilmurla qarşılaşıb. Rəqibinə hər iki setdə məğlub olan Azərbaycan təmsilçisi turnirlə vidalaşıb - 0:2 (13:21, 11:21).
Olimpiadada badminton yarışları iyulun 27-dən avqustun 5-dək təşkil olunacaq.