Azərbaycan Basketbol Liqasında üçüncü turun iki görüşü keçirilib
Bakı, 27 oktyabr, AZƏRTAC
“Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasında üçüncü turun iki görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, turun açılış oyununda iki paytaxt komandası “Sabah” və “Neftçi” üz-üzə gəliblər. Müdafiələrin önə çıxdığı qarşılaşmada “Sabah” rəqibinə 70:65 hesabı ilə qalib gəlib.
Oyunda ən məhsuldar basketbolçular “Sabah”dan Kamran Məmmədov (16 xal), “Neftçi”dən isə Mohsen Moradxani (12 xal - 8 ribaund) seçiliblər.
İkinci oyunda çempionatın ilk iki turunda qələbə qazanmış “Gəncə” “AAAF Xırdalan” komandası ilə qarşılaşıb. Oyuna fəal başlayan Gəncə təmsilçisi yekunda 94:84 hesabı ilə qələbə qazanaraq, turnir cədvəlinin ilk pilləsinə yüksəlib. Oyunun ən məhsuldar basketbolçuları adına “Gəncə”dən Cəbrayıl Əkbərov (33 xal - 5 ribaund), “AAAF Xırdalan”dan isə Deymon Makdouel (35 xal - 8 ribaund) layiq görülüblər.
Qeyd edək ki, üçüncü turun digər iki görüşü - NTD - “Zirvə Astara” və “Olimpik Şəki” - “Sərhədçi” oktyabrın 29-da oynanılacaq.