CƏMİYYƏT
Azərbaycan Beynəlxalq Kosmik Poster Müsabiqəsində 14 ölkə arasında birinci yerin qalibi olub
Bakı, 29 noyabr, AZƏRTAC
Avstraliyanın Pers şəhərində APRSAF-30 Beynəlxalq Kosmik Poster Müsabiqəsində azərbaycanlı şagirdlər 14 ölkə arasından seçilərək birinci yerin qalibi olublar.
AZƏRTAC Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, müsabiqə nəticələri 26-29 noyabrda Avstraliya Kosmik Agentliyi və Yaponiya Aerokosmik Tədqiqat Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən Asiya-Sakit Okean Regionu Kosmik Agentlikləri Forumunun (APRSAF) 30-cu sessiyası daxilində elan olunub.
Beynəlxalq Kosmik Poster Müsabiqəsi hər il Asiya-Sakit okean regionu ölkələrindən, eləcə də əməkdaş-assosiativ üzv ölkələrdən üç mərhələ üzrə 4000-dən artıq 5-9-cu sinif şagirdlərini bir araya gətirir.
Bu il Azərkosmosun KOSMİK Akademiyasının təşkilatçılığı, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikası Təhsil İnstitutunun dəstəyi ilə APRSAF-30 Beynəlxalq Kosmik Poster Müsabiqəsinin milli mərhələsi həyata keçirilib. Müsabiqənin milli mərhələsində ümumtəhsil müəssisələrinin 25 məktəblisi “Kosmik səyahət” mövzusuna həsr olunmuş rəsm əsərləri ilə iştirak edib. Müsabiqə nəticələrinə müvafiq olaraq 3 məktəbli müsabiqənin milli mərhələsinin qalibi adını qazanaraq Avstraliyaya yollanıb.
Müsabiqədə ölkələr üzrə ümumilikdə 1712 məktəbli iştirak edib, 1462 rəsm əsəri müsabiqəyə təqdim olunub. Müsabiqənin beynəlxalq mərhələsində ölkəmizi təmsil edən 3 məktəblimiz 33 iştirakçı sırasında müsabiqənin ən yüksək dərəcəyə malik 5 mükafatından 3-nə layiq görülərək təltif olunub. Həmin məktəblilər APRSAF-30 Beynəlxalq Kosmik Poster Müsabiqəsinin aşağıdakı mükafatlarına layiq görülüblər:
1. Kövsər Qurban – İlin ən yaxşı posteri mükafatı
2. Əsma Həsənzadə – Xüsusi poster mükafatı
3. Ayxan Məhərrəmli – Avstraliya Kosmik Agentliyinin mükafatı
Bu qalibiyyəti istedadlı azərbaycanlı şagirdlərin aşkar edilməsi, onların potensialının inkişaf etdirilməsi, informasiya texnologiyaları, rəqəmsal bacarıqlar, eləcə də şagirdlərin beynəlxalq olimpiadalar və müsabiqələrdə ölkəmizi təmsil etməsi istiqamətində növbəti uğur kimi qiymətləndirmək olar.