AZƏRBAYCAN BEYNƏLXALQ TƏSİSATLARA SÜRƏTLƏ İNTEQRASİYA EDİR
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, səmimi qəbula görə təşəkkürünü bildirən Mehmet Ülkümən Azərbaycana ilk dəfə səfərindən məmnun qaldığını bildirmişdir. Hazırkı vəzifədə otuz ilə yaxın bir vaxtda çalışdığını qeyd edən qonaq Azərbaycanın BMT-nin Cenevrə Bölməsi və digər beynəlxalq təşkilatlar yanındakı daimi nümayəndəliyi ilə faydalı münasibətlər qurduğunu nazirin diqqətinə çatdırmışdır. 2000-ci ildə BMT-nin Nyu-Yorkda keçirilmiş Minillik Sammiti zamanı ümummilli liderimiz Prezident Heydər Əliyev tərəfindən Azərbaycana dəvət edildiyini yüksək qiymətləndirən Mehmet Ülkümən, səfərin texniki səbəblər üzündən həyata keçmədiyini bildirmişdir.
Respublikamızın xarici siyasət idarəsinin başçısı Elmar Məmmədyarov Mehmet Ülküməni Azərbaycanda görməkdən məmnunluq ifadə etmiş və onun protokol sahəsindəki böyük təcrübəsinin nazirliyin bu işlə məşğul olan əməkdaşları üçün faydalı olacağını qonağın diqqətinə çatdırmışdır. Azərbaycanın beynəlxalq təşkilatlarla qarşılıqlı fəaliyyətinin vacib olduğunu xüsusi qeyd edən nazir Elmar Məmmədyarov bunun ölkəmizin beynəlxalq təsisatlara inteqrasiyasına kömək etdiyini bildirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.