AZƏRBAYCAN BEYNƏLXALQ VALYUTA FONDUNDAKI DƏYİŞİKLİKLƏRİ DƏSTƏKLƏYİR
Toplantıda Azərbaycanı təmsil edən nümayəndə heyətinin başçısı, maliyyə naziri Samir Şərifov demişdir ki, kvotaların artırılması ilk növbədə üzv ölkələrə BVF-də qəbul ediləcək qərarlara daha çox təsir etmək imkanları yaradacaqdır. Türkiyə, Çin, Koreya Respublikası və Meksika üçün daha yüksək kvotaların müəyyən edilməsi dünya iqtisadiyyatında bu ölkələrin iqtisadiyyatının xüsusi çəkisinin artmasının məntiqi nəticəsidir.
Nazir S.Şərifov demişdir ki, kvotaların dəyişməsi barədə qərar hazırda 4 ölkəni əhatə etsə də, bu qərar gələcəkdə BVF sistemində bütün ölkə kvotalarına yenidən baxılmasına yol açır. Qəbul olunmuş kvotaların yenidən müəyyən edilməsi prinsipi, yəni dünya iqtisadiyyatında üzv ölkənin iqtisadiyyatının xüsusi çəkisini əsas götürən prinsip ədalətli olmaqla yanaşı, Azərbaycan iqtisadiyyatında müşahidə olunan çox sürətli artım tempi baxımından ölkəmizin maraqlarına tam uyğundur. Məhz buna görə də Azərbaycan BVF-dəki bu dəyişiklikləri dəstəkləmişdir.
Tədbir çərçivəsində S.Şərifovun BVF-nin, Dünya Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının rəhbərləri ilə görüşləri nəzərdə tutulmuşdur.