AZƏRBAYCAN BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ İLƏ ƏMƏKDAŞLIĞIN MÖHKƏMLƏNMƏSİNDƏ MARAQLIDIR
Qonaqları səmimi salamlayan E.Məmmədyarov Azərbaycan rəhbərliyinin Birləşmiş Ərəb Əmirlikləri ilə müxtəlif sahələrdə əməkdaşlığa böyük əhəmiyyət verdiyini bildirmişdir.
Nazir Azərbaycanın bölgədəki coğrafi-siyasi mövqeyi, respublikamızın sosial-iqtisadi inkişafı, həyata keçirilən irimiqyaslı regional layihələr barədə qonaqlara ətraflı məlumat vermiş, ölkələrimiz arasında əməkdaşlıq imkanlarının mövcud olduğunu diqqətə çatdırmışdır. O, həmçinin Azərbaycan rəhbərliyinin qeyri-neft sektorunun inkişafına böyük önəm verdiyini və bu istiqamətdə əməkdaşlığın möhkəmləndirilməsinin əhəmiyyətini vurğulamışdır.
Şeyx Səud bin Saqr əl-Qasimi ölkəsində Azərbaycanla əlaqələrə xüsusi əhəmiyyət verildiyini və bir çox sahələrdə, xüsusilə də tikinti materiallarının istehsalı, əczaçılıq, telekommunikasiya və digər sahələrdə əməkdaşlıqda maraqlı olduqlarını bildirmişdir. O, dövlətlərimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi məqsədi ilə tezliklə Azərbaycanda Birləşmiş Ərəb Əmirliyinin səfirliyinin açılması məsələsini ölkəsinin rəhbərliyi qarşısında qaldıracağını söyləmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində aparılan danışıqlara toxunan E.Məmmədyarov, problemin yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinin mümkünlüyünü qeyd etmiş, sərhədlərin güc yolu ilə dəyişdirilməsinin yolverilməz olduğunu vurğulamışdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.