Azərbaycan Boks Federasiyasının rəsmisi: Legioner dəvət etməkdənsə, yerli idmançılardan yararlanmaq istəyirik
Bakı, 15 aprel, AZƏRTAC
"Bu tədbirin Bakıda keçirilməsi müsbət məqamdır".
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Boks Federasiyası prezidentinin müşaviri Samir Hüseynov Bakıda təşkil edilən Böyük İpək Yolu beynəlxalq turniri barədə danışarkən deyib.
O, 9 ölkədən 175 boksçunun paytaxtda keçirilən turnirdə iştirak etdiyini xatırladıb: "Burada kişi boksçularımızla yanaşı, qadınlar da mübarizə aparırlar. Artıq onlardan ikisi qızıl, biri gümüş medal qazanıb. Sevindirici məqamdır. Bildiyiniz kimi, "Los-Anceles-2028" Yay Olimpiya Oyunlarında ilk dəfə olaraq idmançı sayında gender bərabərliyi təmin olunacaq. Belə ki, həmin yarışa 7 qız, 7 kişi boksçu lisenziya qazana biləcək. Federasiya olaraq, qadın boksçuları inkişaf etdirmək istəyirik".
Federasiya rəsmisi Azərbaycan boksçularının Serbiyada keçirilən Gimnaziada İdman Oyunlarında uğurla çıxış etdiyini söyləyib: "İyirmi iki idmançıdan iyirmi biri medal qazandı. Bu, yüksək göstəricidir. Onların arasında 8 qız boksçu da var idi. Bunlar 2028-ci il Olimpiadası üçün hazırlıq planımızın tərkib hissəsidir".
S.Hüseynov ölkədə boksun inkişafı üçün işlər görüldüyünü vurğulayıb: "Legioner idmançılar dəvət etmək əvəzinə yerlilərdən yararlanmaq istəyirik. Regionlardan yaxşı boksçular çıxır. Bu ayın sonunda Lənkəranda Cənub Regional Boks Mərkəzinin açılışı olacaq. Eyni zamanda, Gəncə və Naxçıvanda da boks bazalarının açılışını planlaşdırırıq. Bununla bağlı işlər gedir".
Qeyd edək ki, Böyük İpək Yolu beynəlxalq turnirində 9 ölkənin – Azərbaycan, Tacikistan, Özbəkistan, Kamboca, Monteneqro, Qırğızıstan, Gürcüstan, Rusiya və Qazaxıstan boksçuları mübarizə aparırlar. Azərbaycan bu yarışda kişilər arasında 47, qadınlar arasında isə 11 boksçu ilə təmsil olunur.