AZƏRBAYCAN BOKSÇULARI RƏQİB TANIMIRLAR
AZƏRTAC xəbər verir ki, sentyabrın 3-də Bakıda yeniyetmələr arasında boks üzrə 6-cı dünya çempionatının növbəti görüşləri keçirilmişdir.
Gün ərzində müxtəlif ölkələri təmsil edən 64 idmançı 6 çəki dərəcəsi üzrə mübarizə aparmışdır.
Yarışlarda iştirak edən Azərbaycan idmançıları Elvin Məmişzadə (48 kq) gürcüstanlı Qela Abaşidzeni, Elvin Əliyev (54 kq) Qazaxıstan təmsilçisi Sabirjan Uludastanı, Murad Аğamаlıyev (66 kq) İlya Platonenkanı (Belarus) və Fərid Mövsümov (70 kq) isə Koreya Respublikasının boksçusu Junq Çanq Qunu böyük xal üstünlüyü ilə məğlub etmişlər.
Bundan bir gün əvvəl - sentyabrın 2-də də boksçularımız bütün rəqiblərinə məğlubiyyətin açısını yaşatmışlar. İdmançılarımızdan Bəxtiyar Nadirov (50 kq) ikinci görüşünü də uğurla başa vuraraq özbəkistanlı Bunjod Maşpanova qalib gəlmişdir.
52 kiloqram çəki dərəcəsində yarışan Azərbaycan idmançısı İlkin Ağayev Gürcüstan boksçusu Levan Kobilaşvili üzərində böyük xal üstünlüyü ilə qələbə qazanmışdır.
Digər idmançılarımızdan Heybətulla Hacəliyev (57 kq) israilli Ron Makovozu, Anar Cəfərov (63 kq) Qazaxıstan təmsilçisi Serqey Skakunu, Malik Məmmədzadə isə (80 kq) isveçli Soni Peymanı məğlub etmişlər.
Ötən dörd gün ərzində rinqə çıxan bütün boksçularımız rəqibləri üzərində qələbə qazanmışlar.
Azərbaycan boksçuları ilə yanaşı, yarışlarda müxtəlif çəki dərəcələrində qalib gəlmiş digər idmançılar - Pavlo İşenko, Nicat İbrahimov (Ukrayna), Almatbek Aqibayev, Nayrizber Saqaribaev, Danyar Elesinov, Yerlan Seydaliyev (Qazaxıstan), Maksim Postouç (Moldova), Apodaresi Kiprian (Rumıniya), Branimir Stankoviç, Demir Emrax (Serbiya), Fazliddin Qaibnazarov, Avazbek Akramov (Özbəkistan), Franki Qomes, Eduardo Alise, Lyu Berd (ABŞ), DrqaRao Vankala, Vikas Yadav (Hindistan), Li Yonq-Yeob (Koreya Respublikası), Alber Vekker (Gürcüstan), Jami Xardlinq, Zak Dann (Avstraliya), Viktor Metern, Tayrov Zek (Almaniya), Elmar Muxayev (Belarus), Şenavi Sobbi (İzrail), Bernard Ro (İrlandiya), Mixail Peşkov (Rusiya), Rey Plat (Kuba) da növbəti mərhələyə vəsiqə qazanmışlar.