Azərbaycan-Bolqarıstan ikitərəfli münasibətlərinin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb
Bakı, 17 noyabr, AZƏRTAC
Bolqarıstan Respublikasının Xalq Məclisinin rəsmi dəvəti əsasında bu ölkədə prezident və növbədənkənar parlament seçkilərini müşahidə etmək məqsədilə Azərbaycan Respublikası Milli Məclisinin deputatları, Azərbaycan-Bolqarıstan parlamentlərarası dostluq qrupunun rəhbəri Rauf Əliyev və dostluq qrupunun üzvü Sabir Hacıyev Bolqarıstanda səfərdə olublar.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov, Milli Məclisin deputatları Rauf Əliyev və Sabir Hacıyev Xalq Məclisində Bolqarıstan-Azərbaycan dostluq qrupunun sədri, Hüquq və Azadlıq Hərəkatı (DPS) partiyasının sədr müavini Həmid Həmidlə görüşüblər. Görüşdə iki ölkə arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin yüksələn xətlə inkişaf etdiyi və hazırda bu münasibətlərin strateji əməkdaşlıq səviyyəsində olduğu qeyd olunub və bu sahədə dövlət başçılarının qarşılıqlı səfərlərinin böyük əhəmiyyət daşıdığı vurğulanıb.
Görüşdə iki ölkə arasında energetika, nəqliyyat, yeyinti sənayesi, kənd təsərrüfatı, turizm, informasiya və kommunikasiya texnologiyaları və humanitar sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Avropanın, o cümlədən Bolqarıstanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm rol oynayan Cənub Qaz Dəhlizinin istifadəyə verilməsinin əhəmiyyəti qeyd edilib.
Səfər çərçivəsində Milli Məclisin deputatları Rauf Əliyev və Sabir Hacıyev Sofiya şəhərində Vitoşa seçki dairəsinin 20 məntəqəsində, Krasna Polyana seçki dairəsinin 12 məntəqəsində səsvermə prosesini müşahidə ediblər, eləcə də Şumen şəhərində yerləşən 6 məntəqəni və Velinqrad şəhərində 4 məntəqəni müşahidə kameraları vasitəsilə izləyiblər.
Dörd mindən çox müşahidəçinin iştirak etdiyi parlament seçkisini Azərbaycan da daxil olmaqla 10 ölkənin parlamentini təmsil edən beynəlxalq müşahidəçilər izləyiblər. Deputatlar Rauf Əliyev və Sabir Hacıyev tərəfindən aparılmış müşahidələrin nəticəsi Bolqarıstanın Mərkəzi Seçki Komissiyasına təqdim olunub və seçkilərin təşkili müsbət qiymətləndirilərək, ciddi qanun pozuntusunun aşkar olunmadığı qeyd olunub.
Milli Məclisin deputatları səfər çərçivəsində seçkilərdə ən çox yer qazanmış “Dəyişiklikləri davam etdiririk” partiyası, həmçinin Hüquq və Azadlıqlar Hərəkatı partiyasının nümayəndələri ilə də görüş keçiriblər. Görüşdə Azərbaycan-Bolqarıstan ikitərəfli münasibətlərinin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb, Azərbaycanda həyata keçirilən islahatlar, 44 gün davam edən Vətən müharibəsi və işğaldan azad edilən ərazilərdə həyata keçirilən genişmiqyaslı tikinti-bərpa işləri barədə ətraflı məlumat verilib.