AZƏRBAYCAN-BÖYÜK BRİTANİYA TİCARƏT VƏ SƏNAYE ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, hər iki ölkənin iş adamlarının iştirak etdiyi iclası giriş sözü ilə iqtisadi inkişaf naziri Fərhad Əliyev açaraq ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında aparılan iqtisadi, o cümlədən aqrar islahatların, özəlləşdirmənin nəticələri, Azərbaycana sərmayə qoyuluşu, ölkəmizdə biznes mühiti, sərmayə imkanları, özəl bölməyə dövlət qayğısı, son illər aparılan düzgün iqtisadi siyasət sayəsində ümumi daxili məhsulun artımı, manatın sabitliyi haqqında danışmışdır. Nazir qeyri-neft bölməsinin üstün sahə elan edildiyini bildirmiş, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının iş adamlarını ölkəmizə elektrik enerjisinin istehsalı, neft kimyası, kimya sənayesi, metallurgiya, maşınqayırma, ticarət, bank xidməti sahələrində və s. fəaliyyət göstərməyə çağırmışdır. O, xüsusi vurğulamışdır ki, Azərbaycanda bundan ötrü münbit şərait vardır.
Şuranın həmsədrləri - iqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarov və doktor Ken Forrest, Böyük Britaniyanın ölkəmizdəki səfiri Lorens Bristoun, iş adamları Maykl Esseks, Emin Məcidov, Endri Sparrou, Aleks Burnet və başqaları çıxış etmişlər.
İclasın iştirakçıları “Murphy international vvorld carrıers Ltd” şirkətinə səfər etmişlər.