SİYASƏT
AZƏRBAYCAN CAZI XARİCDƏ
AZƏRTAC xəbər verir ki, həmyerlimiz Əminə Fuqarovanın sentyabrın 29-da Brüsseldə çıxışı olmuş, 30-da isə o, Bussum (Hollandiya) tamaşaçıları ilə görüşəcəkdir. Onu Avropada ən istedadlı caz bəstəkarlarından və ifaçılarından biri hesab edirlər.
Bakıda Konservatoriyanı bitirmiş Əminə təhsilini Avropada və ABŞ-da - əvvəlcə Rotterdam Konservatoriyasında, sonra isə Bostonda, Berkey musiqi kollecində davam etdirmişdir. SSRİ Bəstəkarlar İttifaqının üzvü olan Ə.Fuqarova Moskvada yaşayır və işləyirdi. Orada yaşadığı dövrdə onu tez-tez Hollandiyaya konsert verməyə dəvət edirdilər. Sonralar Rotterdamda bəstəkarlıq sənətini pulsuz öyrənməyə dəvət almış həmyerlimiz hazırda orada yaşayır.
Əminə Fuqarova dünyanın bütün guşələrində konsertlər verir. Onun birillik çıxışları əvvəlcədən planlaşdırılmışdır. “Şimal dənizi” (Hollandiya), Amerikanın Yeni Orlean və digər şəhərlərində, eləcə də Braziliya, Meksika və İndoneziyada keçirilən caz festivallarına onu, bir qayda olaraq, dəvət edirlər.
Əminənin çoxsaylı disklərindən biri – “Gəl birlikdə qaçaq” albomu artıq üç həftədir ki, Amerikada ən yaxşı disklər onluğundadır. Əminə ifa etdiyi musiqi əsərlərinin, demək olar, hamısını özü yazır.
Əminə Fuqarova deyir:
- “Cazibə qüvvəsi” adlı ilk diskimi 1994-cü ildə yazdırmışam. Bundan sonra “Mən başqa adamam”, “Gecə qatarı”, “Amsterdamda yaşamalı”, çox sevdiyim Bakı ilə assosiasiya doğuran “Od və külək”, Nyu-Yorkda 2001-ci il 11 sentyabr hadisələrinə həsr edilmiş “Sentyabr süitası”, “Avropada yaşamalı” və başqa albomlarım yaranmışdır.