AZƏRBAYCAN DÖVLƏTİNİN XARİCİ SİYASƏTİNİN DƏSTƏKLƏNMƏSİ KAAA-NIN ƏSAS FƏALİYYƏT İSTİQAMƏTLƏRİNDƏN BİRİDİR
AZƏRTAC xəbər verir ki, oktyabrın 21-də Toronto şəhərində Kanada Azərbaycan Assosiasiyaları Assambleyasının (KAAA) novbəti qurultayı keçirilmişdir. Tədbirdə Monreal, Ottava, Toronto, Hamilton və London şəhərlərində fəaliyyət göstərən və assambleyaya üzv diaspor təskilatlarının nümayəndələri iştirak etmişlər.
Assambleya rəhbərinin illik hesabatı dinlənildikdən sonra təşkilati məsələyə baxılmış, Kanada Azərbaycan Alyansı və York Universiteti Azərbaycan Tələbələri Assosiasiyası yekdilliklə KAAA-ya üzv qəbul edilmişlər. Bununla da, assambleyanın üzvlərini sayı 11-ə çatmışdır. Bu KAAA-nın getdikcə artan nüfuzunun nəticəsi kimi qiymətləndirilmişdir.
Qurultayda KAAA-nın dəstəklədiyi Liberal Partiyasının Ontario və Kvebek əyalətində keçirilmiş parlament seçkilərindəki qələbəsində soydaşlarımızın köməyi xüsusi qeyd olunmuşdur. Soydaşlarımızın Kanadanın ictimai-siyasi həyatında iştirakının daha da gücləndirilməsi, BMT-nin Kanada Şurası, Kanada Beynəlxalq İnkişaf Agentliyi və digər beynəlxalq qurumlarla əməkdaşlığın dərinləşdirilməsi qarşıya məqsəd qoyulmuşdur.
Qurultayda, həmçinin Kanadada fəaliyyət göstərən Azərbaycan diasporunun fəaliyyətinin daha da gücləndirilməsi, Azərbaycan həqiqətlərinin Kanada ictimaiyyətinə çatdırılması, Azərbaycan dövlətinin xarici siyasətinin prioritet istiqamətlərinin dəstəklənməsi ilə bağlı tədbirlər planı təsdiqlənmişdir. Eyni zamanda, 31 Dekabr - Dünya azərbaycanlılarının həmrəyliyi gününün Kanadanın böyük şəhərlərində qeyd olunmasına hazırlıq işlərinə start verilmişdir.