AZƏRBAYCAN FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ BEYNƏLXALQ TƏCRÜBƏDƏN BƏHRƏLƏNİR
Seminarda Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Rusiya fövqəladə hallar nazirinin müavini Mixail Faleyev iştirak etmişlər.
Mixail Faleyev seminar iştirakçılarını Rusiya Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri, funksiyaları ilə tanış etmiş, mülki müdafiə, fövqəladə hallarda vətəndaşların qorunması, yanğın təhlükəsizliyinin təmini və digər sahələrdə gördüyü işlərdən danışmışdır. O, çoxillik təcrübəsi olan Rusiya Fövqəladə Hallar Nazirliyinin maddi-texniki təminatı, kadr potensialı, normativ-hüquqi bazası, beynəlxalq əməkdaşlığı barəsində də fikirlərini açıqlamış, təmsil etdiyi qurumun Rusiya dövlətinin sərhədlərindən kənarda baş verən təbii fəlakətlər və fövqəladə hadisədən zərər çəkmiş bölgələrə yardımın göstərilməsi funksiyasını da layiqincə yerinə yetirdiyini vurğulamışdır.
Qonaq Azərbaycanda yeni yaradılan Fövqəladə Hallar Nazirliyinin müasir dövrün tələblərinə cavab verən səviyyədə formalaşmasında, onun kadr hazırlığının, normativ-hüquqi bazasının yaradılmasında, təcrübə mübadiləsinin aparılmasında azərbaycanlı həmkarlarına lazımi kömək göstəriləcəyini də diqqətə çatdırmışdır.
Sonra fövqəladə hallar naziri Kəmaləddin Heydərov əvvəlcə Azərbaycanda Rusiya İlinin açılması münasibətilə ən xoş arzularını dilə gətirmiş, belə bir seminarın təşkilinə görə Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildirmişdir. Azərbaycanda Fövqəladə Hallar Nazirliyinin yaradılması ilə bağlı fikirlərini açıqlayan Kəmaləddin Heydərov başçılıq etdiyi qurumun vəzifələrindən danışmışdır.
Nazir demişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci il 16 dekabr tarixli Sərəncamı ilə yaradılmış Fövqəladə Hallar Nazirliyi ölkədə əhalinin təbii fəlakətlərdən, texnogen xarakterli qəzalardan və yanğından qorunması, belə hadisələrin nəticələrinin aradan qaldırılması məsələlərini həll edən, habelə mülki müdafiə sahəsində dövlət siyasətini həyata keçirən, xilasetmə və bərpa işləri üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, digər müəssisə və təşkilatların fəaliyyətinin əlaqələndirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.
Nazirliyin yaradılmasından keçən qısa müddətdə görülən işlərdən danışan K.Heydərov, qabaqcıl dövlətlərin, o cümlədən Rusiyanın Fövqəladə Hallar Nazirliyinin təcrübəsindən istifadə olunacağını, bununla əlaqədar normativ-hüquqi bazanın yaradılmasında və digər sahələrdə əməkdaşlığa üstünlük veriləcəyini diqqətə çatdırmışdır.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov həmin gün Rusiya Fövqəladə Hallar Nazirliyinin təşkil etdiyi sərgidə nümayiş etdirilən avadanlığa da baxmışdır. Elə burada jurnalistlərin suallarını cavablandıran K.Heydərov, rəhbərlik etdiyi strukturun formalaşmasında Rusiya təcrübəsi ilə yanaşı, Ukraynanın, Qazaxıstanın, Türkiyənin, ABŞ-ın mövcud qurumlarının təcrübəsindən də istifadə olunacağını dilə gətirmişdir.
Rusiyanın fövqəladə hallar nazirinin müavini Mixail Faleyev Azərbaycanda yeni yaranan bu qurumun qarşısına qoyduğu məqsədə tezliklə nail olacağına əminliyini bildirmiş, ikitərəfli əlaqələrin inkişafı üçün yaxşı zəmin olduğunu söyləmişdir.